Ədavətə müqavimət göstərmək, mədəniyyətlərarası və dinlərarası dialoqu dəstəkləmək

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi saytında mayın 2-də Bakıda işə başlayan V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilmiş məqalə dərc olunub.

Məqalədə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun sözlərindən sitat gətirilir. Bakıya Şri-Lankadan gələn M.Moratinos  Bakı Forumunun vaxtında, məqamında keçirildiyini hesab edir.

Şri-Lankanın bir neçə kilsə və hotelində eyni vaxtda baş verən terror aktı nəticəsində həlak olanların xatirəsini anmaq məqsədilə Kolomboya gedən Moratinos deyib: “Şri-Lanka daim insanlara açıq ölkə olub, burada müxtəlif dinlər və mədəniyyətlər mövcud olub və qəflətən orada belə faciə baş verib. Bu faciə sülh şəraitində yaşamağa can atan ölkə üçün böyük zərbə idi”.

Alyansın Ali nümayəndəsi qeyd edib ki, ədavət təzahürləri daim mövcud olub, lakin bu gün “ədavətə qayıdış” prosesi baş verir. Onun sözlərinə görə, ədavət hissi insanlarda öz opponentlərini parçalamaq və məhv etmək cəhdləri əmələ gətirir. Bu gün, bu çətin və qeyri-müəyyən dövrümüzdə mədəniyyətlərarası dialoqun dəqiq strategiyasını yaratmaq xüsusilə zəruridir.

Moratinos mövcud problemlərin hərbi, maliyyə və siyasi vasitələrlə həll edilməsi barədə təsəvvürləri bayağılıq adlandırıb. Onun fikrincə, belə hallarda sosial-mədəni yanaşma tətbiq etmək və bu problemin kökünü axtarmaq lazımdır. Moratinos deyib: “Biz qonşularımızın dünyagörüşünün necə olmasını, belə vəziyyətə gətirib çıxaran, bu və ya digər problemlərin necə yaranmasını və nə ilə sona yetəcəyini başa düşməyincə, hansısa uzunmüddətli həll yollarını tapmaq çətin olacaq”.

Moratinos hesab edir ki, BMT-nin dəstəyi ilə keçirilən Bakı Forumu bu prosesə əhəmiyyətli töhfə verəcək: “Forum beynəlxalq ictimaiyyətə mühüm siqnal göndərəcək: biz birlikdə yaşaya bilərik, biz bir-birimizə hörmətlə yanaşa bilərik, biz müxtəlif mədəniyyətləri və dinləri anlamağı öyrənməliyik”.