Mayın 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyəti V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Qonaqları salamlayan nazir Azərbaycanla İran arasında mövcud olan dostluq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini bildirib. Qeyd edib ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir.
Abuzər İbrahimi Türkaman öz növbəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrdən məmnunluğunu ifadə edib. O, ötən müddətdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin tərəflərin dəstəyi və səyi ilə yüksək səviyyədə gerçəkləşdiyini qeyd edərək bu tədbirlərin əhəmiyyətini vurğulayıb.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İranın ölkəmizdəki Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsinin də iştirak etdiyi görüşdə gələcək illərdə birgə kino həftələri, mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev İrandakı tədbirlər çərçivəsində görüşlərini xatırladaraq belə tədbirlərin bundan sonra da iki ölkə arasında əməkdaşlığa müsbət təsir göstərəcəyini, mədəni əlaqələrin daha da sıx inkişafına təkan verəcəyini bildirib. İran kino mütəxəssisləri ilə birgə layihələrdən, İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan nazir mədəniyyətin digər sahələrində birgə əməkdaşlığın perspektivlərini də diqqətə çatdırıb.
Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda İran İslam Respublikasının hər zaman yaxından iştirak etdiyini vurğulayan nazir nümayəndə heyətini cari ilin sentyabrında gerçəkləşəcək növbəti Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət edib.
İran nümayəndə heyətinin rəhbəri Abuzər İbrahimi Türkaman sonda bir daha bu kimi görüşlərin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb və səmimi qəbula görə təşəkkürünü bildirib.