Azərbaycanın yeni turizm tanıtım brendi “Transform” jurnalı tərəfindən hər il təşkil olunan mükafatlandırma mərasimində bir neçə nominasiya üzrə qalib elan olunub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, “Landor” şirkəti tərəfindən hazırlanan brend “Brend stilinin (hədəf kütlə ilə ünsiyyətin) ən yaxşı istifadəsi”, “Ən yaxşı məkan brendi və ya milli brend”, “Səyahət, istirahət və turizm sahəsi üzrə ən yaxşı vizual görüntü” nominasiyaları üzrə qızıl, “Vizuallığın ən yaxşı istifadəsi” nominasiyası üzrə bürünc mükafatı qazanıb.

Məlumat üçün bildirək ki, “Transform” jurnalı brend yaradılması və rebrendinq üzrə yeniliklərin paylaşıldığı, dünya üzrə bütün sahələrə aid imicin idarə edilməsi, brendlərin yenilənməsi və tətbiqi, dizayn, korporativ kommunikasiya və s. kimi məqamlar haqqında xəbərlərin yerləşdirildiyi qlobal nəşr kimi fəaliyyət göstərir. Jurnalın hər il London, Dubay, Nyu-York və Honq Konqda mükafatlandırma mərasimi təşkil olunur.