Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rejissor Ziya Şıxlinskinin “İthaf” adlı sənədli filminin premyerası olub. Ekran əsəri tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin (1914-1999) bioqrafiyasına və onun Bakı Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində fəaliyyətindən bəhs edir.
Filmdə Ə.Ləmbəranskinin rəhbərliyi altında Bakı şəhərində unikal abadlaşdırma layihələrinin həyata keçirilməsi barədə söhbət açılır. Qeyd olunur ki, bu gün də insanı valeh edən bir çox binalar onun Bakı şəhərinə rəhbərlik etdiyi illərdə tikilib. Filmdə 1992-1993-cü illərdə Azərbaycan Respublikası hökumətinin sədri olmuş Rəhim Hüseynov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, professor Namiq Axundov, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Filarmoniyasının sabiq direktoru Rafiq Seyidzadə Əliş Ləmbəranski ilə bağlı xatirələrindən söz açırlar.
Ekran əsəri ölkə Prezidentinin sərəncamı ilə bu il 100 illiyi qeyd olunan Ə.Ləmbəranskinin yubileyinə həsr olunub.