Aprelin 30-da Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri və onların xanımları Qazax rayonuna səfər ediblər.
Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən səfərin məqsədi qonaqları ölkəmizin regionlarının inkişafı, bölgələrdə həyata keçirilən layihələr barədə məlumatlandırmaqdır.
40-dan çox ölkəni və beynəlxalq təşkilatı təmsil edən diplomatlar Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialı – Damcılı bulağı və dünya əhəmiyyətli arxeoloji abidə olan Damcılı mağara düşərgəsi ilə də tanış olublar.
Məlumat verilib ki, Damcılı mağarası Aveydağ mağaralar qrupundan ən böyüyüdür. Təbii çatlardan süzülən su damcılarına görə bu mağara Damcılı adlandırılıb. Burada ilk arxeoloji qazıntılar 1950-53-cü illərdə aparılıb.
2016-cı ildə Yaponiyanın Tokio Universiteti Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında üçtərəfli beynəlxalq memorandum imzalanıb və sənədə əsasən hər il yay aylarında qoruq ərazisində beynəlxalq ekspedisiya arxeoloji qazıntılar aparır. Qazıntılar nəticəsində əldə olunan maddi mədəniyyət nümunələri göstərir ki, bu ərazilər qədim insan məskənidir və Orta Paleolit, Üst Paleolit, Mezolit və Neolit dövrlərində buralarda intensiv yaşayış olub.
Qonaqlara Damcılı mağara düşərgəsi haqqında rus, ingilis və Azərbaycan dillərində məlumatları özündə əks etdirən buklet və flayerlər paylanılıb.