May ayı ölkəmizin mədəni həyatında çoxsaylı tədbirlər, müxtəlif incəsənət layihələri, eyni zamanda bir sıra tarixi günlər, həm əlamətdar, həm də nisgil ilə yada salınan ildönümləri ilə zəngindir.
Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir. Aprel ayından nəşrə başlayan “Culture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqu da bu məramla yaradılıb. “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən kataloqun may ayı buraxılışı çapdan çıxıb.
Xatırladaq ki, “Baku Guide” markası altında daha öncə eyniadlı turistik jurnal-kataloq nəşr edilirdi. “Baku Guide”ın yeni nəşri – “Culture Guide” isə ingilis və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir.
Nəşr Azərbaycan haqqında, ölkəmizin keçmişi və müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. 28 May – Respublika Günü haqqında yazıda 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində birinci respublika olduğu diqqətə çatdırılır, Cümhuriyyətin tarixi və bu gün də yaşadılan dəyərlərindən bəhs edilir. Kataloqda həmçinin Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu vurğulanır.
Bu ay ölkəmizin həyatında mədəniyyət, eləcə də beynəlxalq maraq baxımından ən böyük tədbir 2-3 may tarixində Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumudur. Nəşrdə dünyanın 100-dən çox ölkəsinin, 30-dək beynəlxalq təşkilatın təmsil olunduğu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzulu Forum haqqında ətraflı məlumat verilir.
May ayı təqvimdə həm də Azərbaycanın dilbər guşələrinin – Şuşanın, Laçının Ermənistan tərəfindən işğal olunduğu günlərlə xatırlanır. “Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” adlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi və sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağıdılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.
18 may Beynəlxalq Muzeylər Günüdür. UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunan bu gün hər il ölkəmizdə də qeyd olunur. Bu mövzuya dair yazıda Azərbaycanda muzeylərin təşəkkül tarixindən və müasir inkişafından bəhs edilir. Kataloqun bir bölümü həmçinin Bakı şəhərində fəaliyyət göstərən muzeylərə həsr olunub.
“Culture Guide”ın oxucularına Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının davam etməsi barədə də məlumat verilir, festivalın may ayında hansı rayon və şəhərlərdə gerçəkləşəcəyi diqqətə çatdırılır.
Mədəniyyət bələdçisinin əsas məqsədlərindən biri Bakının mədəniyyət məkanlarının fəaliyyəti, aylıq repertuar və tədbirləri barədə şəhərin qonaqlarına məlumat verməkdir. Nəşrin yeni buraxılışında paytaxtdakı teatrlar, konsert məkanları, muzeylər, kino və sərgi zallarının may ayı üzrə afişası ilə yanaşı, hər bir mədəniyyət ocağı, onların yerləşdiyi tarixi binalar haqqında informasiya, ünvan və telefon nömrələri, eləcə də Azərbaycan Milli Kitabxanası, Gənclər və Uşaq kitabxanaları, Bakı Kitab Mərkəzi haqqında məlumat verilir.
Nəşrdə Bakının tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan qoruğundan da söz açılır. Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında və ilk səhifəsində verilən Xalq rəssamı Toğrul Nərimanbəyovun məşhur əsərlərinin reproduksiyaları isə həm də təsviri sənətimizin bir təqdimatıdır.