Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Prezident Migel Anxel Moratinosa V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Anxel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, “Bakı Prosesi”nin önəmli bir platformaya çevrildiyini və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb. Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirilib.
* * *
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi ilə görüşündə də V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd edilib. Baş katib Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına çevrildiyini qeyd edərək ölkəmizi dinc birgə yaşayışın rəmzi kimi xarakterizə edib.
Dövlət başçısı “Bakı Prosesi”nin mühüm beynəlxalq platforma olduğunu, dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırıb.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparılıb.
* * *
“Bakı Prosesi” başladığı dövrdən diplomatik münasibətlərdə yenilik, müdrik və cəsarətli addımdır. Bu fikri isə Azərbaycan Prezidenti ilə görüşdə Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini-Draqoni deyib. O bildirib ki, mədəniyyətlərarası dialoq insanların həyatını dəyişə biləcək vacib prosesdir. Avropa Şurası Baş katibinin müavini bu prosesin davamlı olması üçün verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Prezident İlham Əliyev Azərbaycanın həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olduğunu qeyd edərək ölkəmizin “Bakı Prosesi” vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq etdiyini bildirib. “Bakı Prosesi”nin coğrafiyasının genişləndirilməsinin zəruriliyini qeyd edən dövlət başçısı Azərbaycanın sivilizasiyalararası dialoqu təşviq etməklə bərabər, sivilizasiyalardaxili dialoqu da dəstəklədiyini deyib.