Yerlərdə tarixi abidələrin qorunması və tədqiq edilməsi, uşaq musiqi məktəblərinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi. Bu və digər məsələlər Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin mayın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşündə səsləndirilib.

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Lənkərandan qəbulda iştirak edən vətəndaşlar tərəfindən respublika üzrə mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında əlaqələrin inkişafı üçün portalın yaradılması, şəhərdə Xoreoqrafiya məktəbinin açılması, Uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, cənub bölgəsi mətbəxinin ləziz nümunəsi olan ləvənginin hazırlanması ənənəsinin UNESCO-nun siyahısına təqdim edilməsi, “Nənələr” folklor kollektivinə xalq kollektivi adının verilməsi və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.

Astara rayonundan qəbula yazılan vətəndaşların müraciətləri rayon ərazisində yerləşən tarixi abidələrin mühafizə zonalarının dəqiqləşdirilməsi, rayon MKS-yə böyük şair İmadəddin Nəsiminin adının verilməsi, mədəniyyət müəssisələrində çalışan işçilərin mərkəzləşdirilmiş qaydada attestasiyasının keçirilməsi, mədəniyyət işçilərinin fəxri adlara təqdimatı barədə olub.

Lerik sakinləri ölkə üzrə uzunömürlülər haqqında məlumat bazasının yaradılması, bölgənin uzunömürlü sakinləri haqqında filmin çəkilməsi, rayondakı Heydər Əliyev Mərkəzinə İmadəddin Nəsiminin yeni nəşr olunmuş kitablarının verilməsi, rayon ərazisində olan qədim kəhrizlərin dövlət tərəfindən qorunan abidələr siyahısına salınması, Buzeyir mağarasına gedən yolun təmir olunmasına köməklik göstərilməsi və işlə təmin olunma barədə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

 

Nazir Lənkəranda mədəniyyət müəssisələrinə baş çəkib

 

Qəbuldan sonra nazir Əbülfəs Qarayev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir sıra mədəniyyət müəssisələrinə baş çəkiblər.

Nazir və icra başçısı ilk olaraq Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı Uşaq musiqi məktəbində olublar. Əbülfəs Qarayev məktəbin fəaliyyəti, tədris prosesi ilə maraqlanıb, tövsiyələrini verib. Uşaqların ifasında konsert proqramı təşkil olunub.

Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, muzeyin 2 mindən çox eksponatı var. Ekspozisiyada məşhur tank qoşunları komandanının şəxsi əşyaları ziyarətçilərin xüsusilə böyük marağına səbəb olur.

Əbülfəs Qarayev muzeyin 50 illik yubileyinin qeyd olunması və əməkdaşlarının mükafatlandırılması haqqında tapşırıq verib.

Mətbuata açıqlama verən nazir bildirib ki, Lənkəranda keçirilən qəbulda da vətəndaşlar tərəfindən bir sıra maraqlı təkliflər səsləndirilib: “Bütün ölkə ərazisində olduğu kimi, bu bölgəmizdə də cənab Prezidentin mədəniyyət sahəsində apardığı islahatlar rəğbətlə qarşılanır. Mədəniyyət sahəsində çalışanların attestasiyası aparılaraq daha peşəkar, bacarıqlı insanların, eləcə də gənclərin mədəniyyət sahəsinin inkişafına cəlb olunması kimi məsələlər bu baxımdan olduqca əhəmiyyətlidir. Ölkəmizin bu bölgəsi tarixi abidələri ilə də zəngindir. Həmin abidələrin qorunması, onların mühafizə zonalarının müəyyənləşdirilməsi çox vacibdir. Həm Lənkəranda, həm də digər şəhər və rayonlarımızda tarixi abidələrin qorunması və bərpası ilə bağlı layihələrimiz var”.

Əbülfəs Qarayev qeyd edib ki, regionda musiqi sahəsində təhsilə xüsusi maraq var. Bu baxımdan ixtisaslaşdırılmış musiqi kollecinin yaradılmasına, daha yüksək səviyyəli kadr hazırlığına ehtiyac hiss olunur. Bu məsələ diqqətdə saxlanılacaq və gələcəkdə musiqi təhsili şəbəkəsinin təkmilləşdirilməsi təmin ediləcək.

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpa olunması məsələsinə də toxunan nazir ilin sonuna qədər bu məsələnin həllini tapacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, bərpa işlərinə xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.