Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc rəssamların sərgisi açılıb.
Açılış mərasimində Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək ulu öndərin mədəniyyətimizə və incəsənətimizə qayğısından söhbət açıb. Bildirib ki, Heydər Əliyev həmişə mədəniyyətə, sənətə önəm verib.
Diqqətə çatdırılıb ki, sərgidə Xalq rəssamı Sakit Məmmədovun tələbələrinin əsərləri nümayiş olunur. Gənc rəssamlar bir daha Heydər Əliyevi doğum günü münasibətilə ehtiramla yada salır, xatirəsini anırlar.
Bildirilib ki, bu sərginin keçirilməsi eyni zamanda gənc rəssamların tanıdılmasına, təbliğinə xidmət edir: “Yəqin ki, onların yaradıcılığını bundan sonra da izləyəcəyik və gələcəkdə Azərbaycanın möhtəşəm əsərlər yarada bilən rəssamlarının içərisində onların adlarına da rast gələ biləcəyik. Hesab edirəm ki, bu sərgi onların ölkəmizdə daha da tanınmasına köməklik göstərəcək”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 40-a yaxın gənc rəssamın əl işi nümayiş edilir.