Mayın 6-da Şəki Regional Kollecində Şəki Regional Mədəniyyət İdarəsinin dəstəyi və Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Soltan Hacıbəyovun Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından “İsgəndər və çoban” nağılının motivləri əsasında yazdığı eyniadlı uşaq operasının premyerası keçirilib. “İsgəndər və çoban” operasının ədəbi mətnini tanınmış şair Mir Mehdi Seyidzadə qələmə alıb.
Məktəbin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək məktəbin müəllimləri və istedadlı şagirdlərinin iki ay ərzində davamlı məşqləri və gərgin çalışmaları sayəsində ərsəyə gələn tamaşanı Soltan Hacıbəyovun 100 illik yubileyinə töhfə olduğunu vurğulayıb. O, təşkilati dəstəyə görə Şəki Regional Mədəniyyət İdarəsinə və Şəki Regional Kollecinə təşəkkür edib.
Tamaşanın nümayişindən sonra idarə rəisi M.Zeynalova çıxış edərək məktəbin kollektivinə yeni nailiyyətlər arzulayıb.