Oktyabrın 20-dən 25-dək Bakıdakı “28 Sinema”da İtaliya film festivalı keçiriləcək. İtaliyanın NICE Assosiasiyası və İsveçrə səfirliyinin əməkdaşlığı, “Yapı Kredit Bank Azərbaycan” və “Hilton Bakı”nın sponsorluğu ilə gerçəkləşəcək festivalda son illərin məşhur italyan filmləri nümayiş olunacaq. Bunlar rejissor Paolo Sorrentonun ekranlaşdırdığı və 2014-cü ildə “Oskar” mükafatına layiq görülən “Böyük gözəllik”, rejissor Cüzeppe Tornatorenin çəkdiyi və 1990-cı ildə “Oskar” qazanan “Yeni kino cənnəti”, Roberto Beniqininin 1997-ci ildə “Oskar”a layiq görülmüş “Həyat gözəldir”, rejissor Paolo Virzinin “İnsan kapitalı” və “Roma qladiatorları” filmləridir. İtaliyan aktrisası Anita Kravoz festivalın qonağı olacaq və o, “Böyük gözəllik” filminin nümayişini təqdim edəcək.
Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd Azərbaycanla İtaliya arasında mədəni əlaqələri gücləndirmək və azərbaycanlıları İtaliyanın ən yaxşı ekran əsərləri ilə tanış etməkdir. Onların arasında son illərin ən gözəl filmlərindən olan və bu il “Oskar” mükafatı qazanan “Böyük gözəllik” filmi Azərbaycanda ilk dəfə nümayiş olunacaq.

M.Sultanova