V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Arxeoloji Turizm üzrə Aralıq Dənizi Yarmarkasının (La Borsa Mediterranea del Turismo Archeologico) təsisçisi və icraçı direktoru Uqo Pikarelli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla görüşüb.

Ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında qonağa məlumat verən Zakir Sultanov Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb.

Uqo Pikarelli təsisçisi olduğu Arxeoloji Turizm üzrə Aralıq Dənizi Yarmarkasının da mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək üçün fəaliyyət göstərdiyini bildirib. Azərbaycanın yarmarkada uğurla təmsil olunduğunu qeyd edən qonaq bu istiqamətdə fəaliyyətin gücləndirilməsi və ölkəmizlə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.