Seyid Yəhya Bakuviyə həsr edilmiş filmin premyerası keçirildi

Oktyabrın 14-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında istehsal olunmuş "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı keçirildi.

Ekran əsəri Azərbaycanın görkəmli sufi filosofu, Xəlvətilik təriqətinin yaradıcılarından biri olan Seyid Yəhya Bakuviyə həsr edilib.
Təqdimat mərasimində sənət adamları, kinosevərlər iştirak edirdi. Səhnəyə dəvət olunan filmin yaradıcı heyəti ekran əsəri ilə bağlı fikirlərini bölüşdülər.
Filmin ssenari müəllifi Orxan Fikrətoğlu bildirdi ki, Seyid Yəhya Bakuvi haqqında danışmaq özü böyük məsuliyyət tələb edir. Qeyd etdi ki, Bakuvinin ortaya qoyduğu fəlsəfi fikirlər dinindən, dilindən asılı olmayaraq bütün bəşəriyyət üçün önəmli bir tarixi örnəkdir.
Ekran əsərinin rejissoru Adil Azay, məsləhətçisi Zöhrə Əliyeva və başqaları çıxış edərək böyük mütəfəkkirin həyat yoluna nəzər saldılar. Bildirildi ki, Seyid Yəhya Bakuvinin əsərləri bu gün də öz aktuallığını saxlamaqdadır. Onun fikirlərində dünyaya sülh, insanlara bərabərlik, həmrəylik çağırışı öz əksini tapıb.
"Xəlvətdə qalmış müdrik" filminin quruluşçu operatoru Rüfət Süleymanov, dekor və geyim üzrə rəssamı Şahin Həsənli, Tural Bakuvi, redaktoru Elşad Ərşadoğlu, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir. Filmdə Novruz Cəfərov, Mirzə Ağabəyli, Kamran Yunis, Namiq Ağayev və başqa aktyorlar çəkiliblər. Filmin çəkilişləri Bakı, Şamaxı, İsmayıllı və Qubada aparılıb. Çıxışlardan sonra ekran əsəri nümayiş olundu. Film tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, Seyid Yəhya Bakuvi Şamaxı şəhərində anadan olub. Bu dövrdə Şamaxı Azərbaycanın önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. Alim Bakıya gəldikdən sonra Şirvanşah I Xəlilullahın köməkliyi ilə Xəlvətilik təriqətinin ilk böyük xanəgahını açır. Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkirin yaratdığı təriqət XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olub və geniş ərazidə yayılıb. Seyid Yəhya Bakuvi türk, ərəb, fars dillərində olan fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir edib.

Fariz Hüseynov