Mayın 6-da İsmayıllı şəhərində Dövlət Turizm Agentliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yeni inkişaf konsepsiyasının təqdimatı keçirilib. Konsepsiya Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2018-ci il tarixli sərəncamına əsasən hazırlanıb.
2018-2023-cü illəri əhatə edəcək bərpa planının əsas məqsədi ölkəmizin qədim sənətkarlıq məkanlarından olan Basqal qəsəbəsinin tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır.
“Böyük Basqal” konsepsiyası birinci mərhələdə Basqal və onu əhatə edən 10 kənd arasında mövcud yolların bərpasını, ikinci mərhələdə tarixi binaların, daş yolların, fasadların, tarixi memarlıq üslubunun bərpası, yerüstü qaz və işıq xətlərinin yenilənərək yerin altına salınması və kommunikasiya, su sisteminin yenilənməsini əhatə edəcək.
Üçüncü mərhələdə kəlağayı istehsalının canlandırılması və turizm məhsuluna çevrilməsi məqsədilə kəlağayı sexinin bərpası və turistlərə tanıdılması, həmçinin sənətkarlara dəstək göstərilməsi nəzərdə tutulub. Mərkəzi meydanın bərpasını əhatə edəcək növbəti mərhələdə əsas məqsəd ərazini yerli əhalinin, xüsusilə də sənətkarların öz məhsullarını sata biləcəyi məkana çevirməkdir.
Layihənin beşinci mərhələsi infrastrukturun qurulması, “Kürəbənd” adlanan tarixi kanalizasiya və drenaj sisteminin bərpası, bulaqların təmir edilməsi və s. tədbirləri əhatə edəcək.