Rejissor Elçin Musaoğlunun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” tammetrajlı bədii filminin Amerika premyerası keçirilib. Ekran əsəri oktyabrın 9-da açılan 50-ci Çikaqo beynəlxalq kinofestivalında nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, rejissor Elçin Musaoğlu mərasimdə iştirak edib. Ekran əsəri auditoriya tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Azərbaycan kinosu Çikaqo festivalında ilk dəfə təmsil olunub. Festival oktyabrın 23-dək davam edəcək. Festivalda artıq iki dəfə nümayiş olunan “Nabat” filminin növbəti təqdimatı oktyabrın 22-də “AMC Theatres - River East 21” kinoteatrında keçiriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat (İran), quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
“Nabat” filminin dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya beynəlxalq kinofestivalında olmuşdu. Bir sıra festivallara dəvət alan ekran əsərinin dünya üzrə distribütoru “Dreamlab Films”dir.
Bu günlərdə “Nabat” dünyanın ən nüfuzlu kino müsabiqəsinə - Amerika Kino Akademiyasının “Oskar” mükafatına (“Xarici dildə ən yaxşı film” nominasiyası üzrə) da təqdim olunub. Ümumilikdə gələn ilin “Oskar”ı uğrunda yarışa rekord sayda - 83 ölkə qoşulub. Nominantların 5 filmdən ibarət siyahısı 2015-ci il yanvarın 15-də açıqlanacaq.