“Euronews” kanalında 2-3 may tarixində Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlanıb.
Reportajda Forumda müzakirə olunan məsələlər və dünyanı narahat edən problemlərin çözülməsi istiqamətində aparılan müzakirələrə toxunulub. Vurğulanıb ki, Azərbaycanın paytaxtında keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakçılar bir-birimizlə ünsiyyətdə olmaqla sülhə necə dəstək göstərilməsini aydınlaşdırmağa çalışıblar.
Videomaterialda qeyd edilir ki, Foruma 35 beynəlxalq təşkilatı və 100-dən çox ölkəni təmsil edən 500-dən çox qonaq qatılıb.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin də Forumda iştirakı vurğulanır.
Qeyd edilir ki, Bakı Forumunda ayrı-ayrı ölkələrdə ekstremizmlə mübarizə, dini, etnik zəmində münaqişələrin aradan qaldırılması, gənclərin bu işdə fəal rolu və beynəlxalq ictimaiyyəti narahat edən digər aktual məsələlərlə bağlı məhsuldar və səmərəli müzakirələr aparılıb. Eyni zamanda Forumda dini və etnik tolerantlıq kimi mühüm məsələlər diqqət mərkəzində olub.