Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək. Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə nitqi zamanı deyib.

Mərasimdən öncə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev Fondunun əməkdaşları ilə xatirə şəkli çəkdiriblər.

Mərasimdə nitq söyləyən dövlət başçısı ulu öndər Heydər Əliyevin sovet dövründə  və müstəqillik zamanında Azərbaycanın inkişafı, yüksəlişi naminə gördüyü işlərdən, tarixi xidmətlərdən bəhs edib: “Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir”.

Azərbaycanın müstəqilliyin ilk dövrlərində üzləşdiyi çətinliklərdən danışan Prezident İlham Əliyev bildirib ki, bu ağır zamanda ulu öndərin xalqın çağırışı ilə hakimiyyətə qayıtması ölkəni böyük bəlalardan xilas etdi: “Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı”.

2003-cü ildən sonra Azərbaycanın Heydər Əliyevin dövlətçilik yolu ilə uğurla inkişaf etdiyini vurğulayan ölkə başçısı bildirib ki, bu müddətdə əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır: “Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik? Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ölkəmizin maraqlarını müdafiə etməliyik”.

Mayın 10-da həmçinin Heydər Əliyev Fondunun yaranmasının 15 ilinin tamam olduğunu deyən dövlət başçısı qeyd edib ki, Fond bu illər ərzində mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər görüb: “Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir”.

Fondun ulu öndərin siyasi irsinin təbliği istiqamətində də böyük işlər gördüyünü vurğulayan Prezident deyib: “Ulu öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik”

* * *

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Heydər Əliyev mükafatının verilməsi ilə bağlı sərəncamı oxunub. Prezident Heydər Əliyev mükafatını akademik Xoşbəxt Yusifzadəyə təqdim edib.

Həmçinin Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2019-cu il üzrə qalibləri elan olunub. Fondun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimova və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədovaya “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.

Mərasim konsert proqramı ilə davam edib. Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüblər.