Oktyabrın 17-də Nizami Kino Mərkəzində rejissor Fikrət Əliyevin "Axırıncı dayanacaq" bədii filminin təqdimatı keçiriləcək.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib. İronik-komediya janrında olan ekran əsəri “Qocalar evi”nə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Çəkilişlər Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.
Filmin ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.