18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə  “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında ölkəmizdə silsilə tədbirlər keçirilir.

Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9 ünvanında yerləşən, yeni təmirdən çıxmış korpusunun geniş ictimaiyyət üçün açılış mərasimi təşkil olunacaq.

Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz olunmuş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur. Muzey müasir mühafizə sistemləri ilə təmin edilib, daxili bağçası isə ziyarətçilərin istirahəti üçün çox əlverişlidir. Muzey silsilə şəklində iki memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur.

Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbə - Qədim dünya incəsənəti, İran-türk, Çin, rus (avanqard) və akademik Zərifə xanım Əliyevaya həsr edilmiş “Xatirə zalı”, italiyan, flamand, holland incəsənətinə, ikinci mərtəbə isə İtaliya, İslam incəsənəti, alman, fransız rəngkarlığı və Rusiya incəsənətinə həsr edilib.

Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimatı da keçiriləcək.