Mayın 14-də Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayini “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.
Tamaşanın baş qəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adlı ərəb sultanı öz əyalətində tayı-bərabəri heç yerdə olmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edir. Senemar hər kəsi təəccübləndirəcək bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın təkrarı olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin daha sonrakı səhnələrdə tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur…
Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.
İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Qeyd edək ki, 2015-ci ildə iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran səhnəsində tamaşaya qoyulub.