Ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin birinci mərhələsi İsmayıllı rayonunda keçirilib.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirdə Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ və Zərdab rayonlarından uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.
Müsabiqə iki turdan ibarətdir. Bölgələr üzrə I mərhələ (15-31 may) başa çatandan sonra II mərhələ 7-9 iyun tarixində Bakı şəhərində təşkil ediləcək.
Gəncə, Şəki və Lənkəran şəhərlərində, İsmayıllı, Bərdə və Quba rayonlarında müsabiqənin birinci mərhələsi çərçivəsində tar, saz və kamança ixtisasları üzrə ustad dərsləri də keçiriləcək.