Azərbaycanın “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna qoşulması, Avropa Şurası ilə beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə marşrutun 4 nəfərdən ibarət ekspert qrupu mayın 20-dən 24-dək ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində ekspert qrupu mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb, ölkəmizin bu mədəni marşruta qoşulması perspektivləri müzakirə olunub.
Görüşdə ölkəmizdə zeytunçuluq ənənələri barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan zeytunçuluğun qədimdən yayıldığı ölkələrdəndir. Hazırda zeytun ağacları əsasən Abşeron yarımadasında çoxluq təşkil edir. Azərbaycanda yalnız bizim ölkəmizə aid endemik zeytun növləri də mövcuddur. Abşeron yarımadasında Azərbaycan, Armudu, Buzovna, Qara, Şirin, Bakı zeytunu adlarında yerli zeytun növləri yetişdirilir.
Ekspert qrupu Abşeron yarımadasında yerləşən zeytun bağlarını ziyarət edəcəklərini, səfər çərçivəsində həmçinin zeytunun emalı, zeytun yağının istehsalı və keyfiyyətinə də baxış keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, “Zeytun ağacları” beynəlxalq mədəni marşrutu 2005-ci ildə sertifikatlaşdırılıb və Avropa Şurasının mədəni marşrutlar siyahısına daxil edilib. Marşruta 17 ölkə qoşulub.