“Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib. İnstitutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə birgə ərazidəki vəziyyətlə tanış olub. Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılacaq.

Hazırda qoruq ərazisində əməkdaşlar üçün inzibati binanın tikilməsi ilə bağlı danışıqlar aparılır. İşçilərin qoruq ərazisində daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidəki yollar təmir-bərpa olunacaq. Qoruq ərazisində olan tarixi abidələrin konservasiyası və mühafizəsi ilə bağlı zəruri işlər həyata keçiriləcək.