Oktyabrın 30-da Bakıda V Avropa film festivalı başlayıb. Festival Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin (Aİ), ittifaqa üzv dövlətlərin ölkəmizdə təmsil olunan səfirliklərinin və “Park Cinema”nın birgə təşkilatçılığı ilə reallaşır.
Açılışdan əvvəl “Park Cinema”da mətbuat konfransı olub. “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, noyabrın 9-dək davam edəcək festivalda 20 ölkədən müasir filmlər nümayiş olunacaq. Filmlər təmsil etdikləri ölkənin dövlət dilində olmaqla rus və ya ingilis dilində subtitrlə veriləcək. Əvvəlki festivallardan fərqli olaraq bu dəfə Azərbaycan filmi də təqdim ediləcək. Belə ki, festivalın sonuncu günündə Azərbaycanın “Oskar” mükafatına təqdim edilmiş “Nabat” filmi nümayiş olunacaq. Filmlər gündə 2 seans olmaqla “Park Bulvar”da yerləşən “Park Cinema”da təqdim ediləcək. Bütün filmlərə giriş pulsuzdur. Qeyd edilib ki, festival müddətində 5 mindən çox tamaşaçının film izləmək imkanı olacaq.
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib ki, festival mədəni müxtəlifliyin verdiyi bir çox imkanlardan yararlanmağımız baxımından olduqca faydalıdır. Mədəniyyət bir çox yollarla insanların ümid və arzularını təcəssüm etdirərək onları bir araya gətirir. Festivalın proqramına daxil olan filmlər komediya, dram, sənədli film, animasiya kimi janrları əhatə etməklə bütün kinosevərlər üçün nəzərdə tutulub.
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri İv Zoberman layihənin əhəmiyyətindən söz açıblar.
Sonra festivalın açılış mərasimi olub. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev və digər çıxış edənlər festivalı yüksək qiymətləndiriblər. Bildirilib ki, 2010-cu ildən təşkil olunan festival Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya töhfə verir, onlar arasında mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır.