Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda – Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub.
Dövlət xidmətindən verilən məlumata görə, abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.
Hazırda tarixi tikilidəki karvansaraların, körpü tağlarının bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Körpünün üstü beton qatından təmizlənib, tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.
Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan “Sınıq körpü”də bərpa işləri bu ilin sonuna kimi yekunlaşacaq.
Qeyd edək ki, “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin sahəsi isə 166 kvadratmetrdir.