Əsgər Əsgərov bütün yaradıcılığı boyu İçərişəhərə, o qədim divarlara, tarixə şahid tikililərə, əsrlərin izlərini daşıyan daş döşəmələrə məftun fırça ustalarından idi. Elə ona görə də onun rəngkarlıq nümunələri içərisində qədim şəhərin hər daşı, hər taxta eyvanı özünün bənzərsiz əksini tapmışdı.
Mayın 22-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonuna gələn hər kəs – istər sənət yoldaşları, istər yaxınları, istər uzun illər sənətin sirlərini öyrətdiyi tələbələri, istərsə də sadə tamaşaçıları əsərlərdən boylanan rəssam sevgisinə qərq oldular.
Mərhum fırça ustasının 70 illik yubileyi münasibətilə təşkil olunan sərgidə açılış sözü söyləyən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov müəllif olmadan, səbəbkarsız açılan sərgilərin qəribə bir kədər, nisgil yaratdığını dedi. Bu xatirə sərgisində həyatını sevgi ilə tərənnümə həsr edən sənətkarın yaradıcılıq nümunələrinin bənzərsizliyinə yenidən şahid olduğunu dilə gətirdi. Vurğuladı ki, Əsgər Əsgərovun batika, qrafika, heykəltəraşlıq nümunələri də rəsm əsərləri kimi bənzərsiz, özünəməxsus və ən əsası duyğu və sevgi ruhludur. Əsgər Əsgərovun rəssamlıqla bərabər bu sənətin sirlərini illərlə çalışdığı İncəsənət Gimnaziyasında gənclərə çatdırdığı, buna görə də sənətsevərlərin və tələbələrinin qəlbində əbədiyaşarlıq qazanacağı diqqətə çatdırıldı.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev 2017-ci ilin 14 avqustunda vəfat etmiş Əsgər Əsgərov haqqında keçmiş zamanda danışmağın, səmimiyyət, sevgi dolu bir rəssamın itkisi ilə barışmağın çətin olduğunu vurğuladı, onun Azərbaycan təsviri və tətbiqi sənətində unikal nümunələr yaratdığını dedi.
Rəssam haqqında müəllim yoldaşları, sənət dostları Ə.Əsgərovun müxtəlif janrlarda gözəl nümunələr yaratmasından danışdılar. Vurğulandı ki, onun bir çox əsərləri İçərişəhərlə bağlıdır. Bu şəhərin dar-dolanbac, qənbər küçələri, eyvanları, səkiləri onu özünə cəlb edib. Rəssamın yaradıcılıq emalatxanası da burada yerləşir.
Axırda söz rəssamın sənətinin davamçısı, kiçik qızı Günay Əsgərovaya verildi. O həm rəssam, həm də pedaqoq kimi atasının yolunun davamçısı olmağın böyük məsuliyyət və şərəf olduğunu deyərək sərgi təşkilatçılarına və atasının irsinə qiymət verən sənətsevərlərə təşəkkürünü bildirdi.
Tamaşaçılar Ə.Əsgərovun 80-dən artıq əsərinin nümayiş olunduğu xatirə sərgi-ekspozisiyası ilə maraqla tanış oldular.
HƏMİDƏ