Təbii ki, burada söhbət tibbi diaqnozdan getmir. Mövzu sənət, teatr dəli-divanəliyidir. O dəlilik isə sövq-təbii də olur, oyunbazlıqdan da yaranır. Hər halda, əsas sənətin dəlisi olmaq, onun divanəsinə çevrilə bilməkdir. Amma mətləbdən uzaq düşməyək.

Ötən həftə (16 may) Azərbaycan Dövlət Pantomima Teatrının 25 illiyinin necə qeyd edildiyi barədə oxucularımıza məlumat vermişdik. Amma Gənc Tamaşaçılar Teatrında gerçəkləşən həmin təntənəli mərasimin bədii hissəsi – pantomimçilərin bu yubileyə layiq şəkildə hazırlayıb nümayiş etdirdikləri tamaşanın doğurduğu təəssürat o qədər təsirli oldu ki, bu haqda ayrıca yazı yazmasaq, olmaz. Əslində, bu mərasimdən günlər öncə də o teatra, kollektivə xas bir yubileyə yığışacağımızı təxmin edirdik və zənnimizdə yanılmadıq...

Yubiley gecəsinə dəvətliləri foyedə “Dəli yığıncağı”ndan pantomimayadək uzun yol gələn mimçilərin fotoları qarşılayırdı. Bu sərgidəki danışan fotolarda kimləri istəsən görə bilərdin: teatrın yaranmasına şahidlik edənlərdən, sadə və sadiq tamaşaçılaradək hər kəsdən bir kadr var idi.

Nəhayət, zalda hər kəs yerini aldı. Rəsmi və səmimi salamlaşma-təbriklərdən sonra pərdə açıldı və 25 yaşlı “Dəli yığıncağı”çıların səhnə yürüşü başlandı. Bələdçisi də məşhur rejissor, SSRİ Xalq artisti Konstantin Stanislavski, əstəğfürullah, mimçilərin dostu, rejissor, Xalq artisti Ramiz Həsənoğlu oldu.

Stanislavski əlinə aldığı qəzetdən Pantomima teatrının 25 illiyi olduğunu oxuyur. Oxuduqca da indi (onda) teatr saxlamağın, yaşatmağın, teatrda olmağın cəsarətli bir iş olduğunu təkrarlayır. “Bu kişi 25 ildir teatrla məşğuldursa, böyük adamdır” təyinindən sonra da yubilyarlara hədiyyə göndərir. Məktub yazır və bir dənə də sehrli xalatı büküb yola salır. Qeydində də “Gələcəklə ehtiyatlı olmaq lazımdır” sözlərini yazır.

Bax o “Sehrli xalat” sayəsində aktyorlar bizi gah teatrın keçmişinə apardılar, gah bu günündə yuvarlatdılar, gah da gələcəyinə uçurdular. “Əlisi dəli, Vəlisi dəli” deyib keçmişə gedənlər bir çinarın dibində oturub teatr xəyalları quran böyük arzulu Bəxtiyar Xanızadəni gördülər. Elə də asan, rəvan, rahat yoldan keçməyəcəyini bildiyi üçün əyninə geyindiyi kəndir-libasla çinar ətrafında dövr edir. Yaxşı ki, tək qalmır. Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd İsmayılov və Elman Rəfiyev bu zülmə qatlaşmağın səadətində onunla birlikdə dövr edirlər.

Nəhayət, teatr yaranır...

Bizlər bir neçə dəqiqədə teatrın keçdiyi yola gah səhnədəki ekran vasitəsilə nümayiş olunan videoçarxdan baxırıq, gah da ən yaxşı tamaşalarından parçaları canlı-canlı izləyib qəşş edirik. Teatrın ən yaddaqalan “Nağaraçalanlar”, “Klounlar”, “Zibillik pərvanələri, “Kimdir müqəssir?”, “Eşq”, “Gəldim ki, olam ğəmin hərifi”, “Pantomim buketi” və daha bir neçə məşhur, ilk jest-mimindən tamaşaçının sürəkli alqışladığı səhnəciklər bir-birini əvəz etdi.

Zaman-zaman yolu bu teatrdan keçən  Pərviz Məmmədrzayev, Azər Şabanov, Nicat Kazımov, Qurban Məsimov, Rasim Cəfərov, Ruslan İsmayılov, Mikayıl Mikayılov, Ofelya Məmmədova, Təranə Ocaqverdiyeva, Leyla Əfəndiyeva, Reyhan Muradova və sadalayıb qurtara bilmədiyim onlarla tanınmış simanın da gah oyunlarını gördük, gah da adlarını eşitdik. Bəzilərinin də ani təsvirdən boylanan çoxmənalı baxışlarını alqışladıq. Qısası, mimik də olsa, o teatrın yoluna səyahət etdik. Bu, keçmişə yol kimi rahat oldu.

Sonra da Nurlan Əhmədli, Bəhruz Vaqifoğlu və başqa bir neçə pantomimçi bizə də, özlərinə də  gələcəyə səyahəti məsləhət gördülər.  Xalatlarını da çiyinlərinə salıb açar sözü - “Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli” - deyib gələcəyə baş aldılar. Yaxşı, gələcəkdə nə baş verir? Bu günün tamaşaçısına göstərir ki, fəlakət. Ustadın pərvazlandırdığı, artıq o teatrın damı altında olmayan, gələcəkdə səadət axtaran Əli Əlizadə, Ceyhun Dadaşov və Elnur İsmayılovun bələdçilik etdiyi gələcək teatr ustadı salır bir qəfəsə. Daha doğrusu, muzey eksponatına çevirir. Yolu oradan keçənlərə də “Baxın, bu keçmişin teatr yaradıcısıdır. Bu düyməni basanda danışmağa başlayır. Amandır, basmayın düyməsini. Yenə də başlayacaq ki, “Mən Bəxtiyar Xanızadəyəm. Azərbaycanda ilk pantomima teatrının yaradıcısıyam, ay nə bilim nə...”. Keçmişdən gələn pantomimçilər ustada qahmar çıxaraq gah ona, gah teatrlarına, gah da elə özlərinə bəraət axtarıb müdafiəyə qalxırlar. Yox, Stanislavski haqlı idi, gələcəklə ehtiyatlı olmaq lazımdır. Nurlan Əhmədli və Nargilə Qəribova əl-ələ verib ustadlarını da  qəfəsdən xilas edərək yenidən öz dövrlərinə gətirirlər.

Gələcəkdən yaxşıca dərs aldıqlarından bu günün qayğı-qəzəbində qızğın məşqə başlayırlar. Amma nədənsə məşq heç cür alınmır. Gah ustadlarının “işiniz-gücünüz xalturadı, serialdı, dublyajdı” danlağını eşidir, gah “siz buna işləmək deyirsiz?” kinayəsinə dözür, gah da hər həvəsli hazırlıq prosesinə müdaxilə edən rejissor köməkçisinin “Bəxtiyar müəllim, kanalizasiya partladı”, “işıq söndü”, “teatrı su basdı” çağırışlarına qaçırdılar. Yəni ustad cari ustalığın maneəsi sayəsində öz işini görə bilmir.

Əslində, yubiley tamaşasının bu və daha bir neçə səhnəsi haqqında irad-qeydlər də bildirmək olardı. Amma bayram havasını nəzərə alırıq. Həm də sonda gülüş, zarafat üçün deyilib-göstərilən hər söz-səhnəyə sadəcə alqışla cavab vermək lazımdır və bizlər də elə etdik.

Həm də axırda gələcəkdən incik qayıdan bu günün pantomimçiləri kimi elə biz də hər şeyə şükür etdik. Sonuncu səhnəciklərdə, xüsusən sağollaşma məqamında hislər bir-birinə qarışdı: sevinc, fərəh, qəhər, ecaz, təəssüb və təbii ki, gözəl gecənin bitməsinə təəssüf. Sağ olsun, Bəxtiyar müəllim bu anda da özünü yetirdi və elə birbaşa “bu gözəlliyi yaşatmaq və görməyə davam etmək istəyirsinizsə, əziyyət çəkib onu qoruyun” mesajını verdi. Bax belə: “Azərbaycan xalqı çox istedadlı xalqdır. Buna heç kimin şübhəsi yoxdur. Onlardan biri də mənəm. Azərbaycanda olmayan ən qədim teatr növünü yaratdım. 25 il bu teatrı qoruyub saxladım. İstəyirik ki, bizimlə gələcək nəsillər fəxr etsin. Bunu onlara çatdırmaq lazımdır”. Biz də cəm olaraq qalxıb məmnunluq mimikamızı alaraq sürəkli alqışladıq. Deyəsən, bir az  da əmin. Ən azı qarşıdakı 30-cu ildönümü görməyimiz üçün...

H.NİZAMİQIZI