İki ay ərzində ölkənin 15 regionunda təşkil olunan festivalın yekun tədbiri paytaxtda keçiriləcək

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının şəhər və rayonlarda təşkil olunan  tədbirləri başa çatıb. Mayın 21-də yaradıcılıq festivalının bölgələrdəki axırıncı ünvanı Balakən olub.

Bayram tədbiri Balakən şəhərində Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında təşkil edilib. Festivalın qonaqlarını Balakəndə yaşayan azsaylı xalqların rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb. Rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları festivala əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Şəki pəhləvanları öz güclərini nümayiş etdiriblər.

Sonra festival iştirakçıları Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən qurulmuş çadırlarda ayrı-ayrı bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar. “Nəsimi ili” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. Şəkili sənətkarların hazırladıqları şəbəkə, təkəlduz nümunələri, bədii tikmələr, ağac üzərində oyma işləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər alqışlarla qarşılanıb.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova festivalın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Gəncədən başladığımız festival iki aydır davam edir. Festivalın ən böyük əhəmiyyəti odur ki, bu tədbir vasitəsilə biz ölkəmizin tarixini, xalqımızın zəngin mədəni irsini, adət-ənənələrimizi, folklorumuzu, incəsənətimizi təqdim və təbliğ edirik”.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Günaydın Əhədova da festivalın əhəmiyyətini yüksək qiymətləndirib: “Festival bölgələr arasında mədəni əlaqələrin genişləndirilməsi, sənət mübadiləsi, həmçinin bədii özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir”.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı 28 martdan bu yana Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birinin əhatə etdiyi şəhər və rayonda gerçəkləşib. Ötən müddətdə festivalın tədbirləri Gəncə, Ağstafa, Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcabədi, Abşeron, Xaçmaz, Lerik, Masallı, Şəmkir, Şamaxı və Balakəndə keçirilib.

Azərbaycanın regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan yaradan festivalın yekun tədbiri iyunda paytaxtda keçiriləcək.