Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun anadan olmasının 80 ili tamam olur. İstər poeziya, istərsə də dramaturgiyada özünəməxsus yolu olan ədibin irsi daim maraqlı və oxunaqlıdır. Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Mədəniyyət naziri Əbülfəs Qarayev, ədəbiyyat, incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə şairin yaradıcılıq yoluna nəzər salındı.
Qonaqlar ilk olaraq teatrın foyesində ədibin kitabları, haqqında yazılar dərc edilən nəşrlərdən ibarət sərgi ilə tanış oldular.
Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinin yaradıcılığı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşdü. Bildirdi ki, Vaqif Səmədoğlu zəngin təfəkkürə malik insan idi: “Bu gün böyük bir ədəbiyyat nəslinin nümayəndəsi Vaqif Səmədoğlunun 80 illik yubileyi çərçivəsində Milli Dram Teatrında onun tamaşası bərpa olunaraq yenidən təqdim olunur. Hesab edirəm ki, bu, gözəl ənənədir. Onun hər bir əsəri böyük əks-sədaya səbəb olub. Çünki o, tamamilə yeni bir düşüncənin sahibi, azadlıq duyğuları ilə yazıb-yaratmış şəxsiyyətlərdən biri idi. Ona görə də onun hər bir əsəri yeniliklə fərqlənirdi. Vaqif Səmədoğlunun hər bir əsərinin Azərbaycan kino, teatr, ədəbiyyat tarixində özünəməxsus yeri var”.
Sonra Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan ikihissəli tragikomik tamaşa nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Mədəniyyət Nazirliyinin sifarişi ilə 2014-cü ildə səhnələşdirilən və yenidən bərpa olunan tamaşada rolları xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova və başqaları ifa edirdilər.
Səhnə əsərinin qəhrəmanı təqaüddə olan və ilk gəncliyindəki unudulmaz sevgisinin xəyalı ilə yaşayan general (Cəfər Namiq Kamal) həyatsevərdir, eyni zamanda soyuqqanlı, zabitəli, hökmündə qətidir, ətrafını öz təsiri altında saxlamaq vərdişinə sahibdir. Onun həyatı – insanlarla ünsiyyəti, gəzintisi, danışığı, susqunluğu, qidalanmağı – ümumilikdə həyat əlamətlərinin hər detalı cədvəl dəqiqliyi ilə qurulub. Həyatının yeganə yanlışı “hər şeyin ona tabe olmasını” düşünməsidir. Bir də illər öncəkindəki sevgisi, illərdir gözlədiyi, Qız qalasından boylanmasını xəyal etdiyi eşq pərisi. Zamana uduzan, əmrə müntəzirlik üçün ən ali duyğuları belə heçə saymaq onun sonrakı əzablarını ovuda bilmir. Ona görə də Fərari, Cəllad, Şeypurçu əsgər onu rahat buraxmırlar. Onun yanına dünyanın yuxuya qərq olduğu vaxtda gələrək mənəvi intiqam alırlar. 53 ilin, keçən bu uzun zamanın intiqam hissi soyumurmuş. Bunu generalın güdazına gedərək Qazaxıstanda öldürülən qurbanın qızının – Qisasçı qadının qayıdışı bir daha isbat edir.
Amma generalın ağrıları bununla da bitmir. Onun babalarının ölümünü səbirsizliklə gözləyən miskin nəvələri daha böyük ağrısıdır. Babası öldükdən sonra onun mülkünə sahib çıxıb rahat yaşayacağı xəyalını quran alkoqolik nəvəsi, bütün səadətini babasından istədiyi çilçıraqda axtaran qız nəvəsi, generala nəvələrindən də çox nifrət edən hiyləgər qonşusu da var. Ümumilikdə mənəvi faciənin hekayətini canlandıran tamaşa imperiya, repressiya, müharibə və bu faciələr nəticəsində darmadağın olmuş insan talelərinin tragikomediya janrında təsviridir.
Həmidə NİZAMİQIZI