Noyabrın 12-də Nizami Kino Mərkəzində neçə-neçə gənc nəslin sevimli filmi olan və “Azərbaycanfilm” kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın 50 illiyi qeyd olunacaq. Yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad ediləcək, çəkilişlərlə bağlı maraqlı hadisələrdən söz açılacaq. Filmdə Rəşid rolunda çəkilmiş, hazırda ABŞ-da yaşayan Azər Qurbanov, “Sehrli xalat”la bağlı tədqiqat işinin müəllifi, moskvalı kinoşünas Andrey Vyatkin və başqaları yubiley tədbirinə gələcəklər.