Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə tədbir-konsert təşkil olunub. Tərtər rayon Uşaq musiqi məktəbinin konsert proqramı maraqla qarşılanıb.

Regional idarənin tabeliyində olan Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində Respublika Günü ilə əlaqədar “açıq dərs” keçirilib.

* * *

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Neftçala rayon Mərkəzi kitabxanasının təşkilatçılığı, Neftçala Dövlət Rəsm Qalereyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Respublika Gününə həsr olunmuş “Oxu bayramı” keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi də açılıb.

* * *

Ağstafa rayon Heydər Əliyev Mərkəzində tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 80 illik yubileyi qeyd olunub. Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə paytaxtdan gəlmiş Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları da iştirak ediblər. İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, regional idarənin rəisi Vüqar Qədirov, digər çıxış edənlər yubilyarın sənət yolundan bəhs ediblər. Ağstafa rayon Uşaq musiqi məktəbi ansamblının ifasında mahnılar səsləndirilib, Gənc Tamaşaçılar Teatrı və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında səhnəciklər nümayiş olunub.

* * *

Quba rayon Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin ilk mərhələsi keçirilib. Müsabiqədə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərində təhsil alan xalq çalğı alətləri ifaçıları iştirak edib. Fərqlənənlər müsabiqənin 7-9 iyun tarixində Bakıda keçiriləcək ikinci turunda iştirak hüququ qazanıb.

* * *

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən gənc pianoçuların IV Respublika müsabiqəsinin Şəki regionu üzrə I mərhələsi Zaqatalada başa çatıb.

Müsabiqədə Şəki, Zaqatala, Balakən, Qax və Oğuzda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin 28 şagirdi iştirak edib. Onlardan 9 nəfər piano müsabiqəsinin Bakı şəhərində keçiriləcək II mərhələsində iştirak etmək haqqı qazanıb.

* * *

“Nəsimi ili” çərçivəsində Lənkəran rayon Mədəniyyət Mərkəzinin klub filiallarında tədbirlər keçirilib. Türkəkəran kənd Folklor evinin və Vel kənd Sənətkarlıq klubunun yaradıcı kollektivi “Nəsimi” filmindən parçalar səhnələşdirib. Boladi-1 kənd Folklor və Boladi-2 kənd Diyarşünaslıq klublarının hazırladığı tematik konsertlər, Ləj və Haftoni kənd sənətkarlıq klublarının keçirdiyi bədii qiraət müsabiqəsi, Liman şəhər Folklor klubunun və Osaküçə kənd Yaradıcılıq evinin hazırladıqları ədəbi-bədii kompozisiyalar da maraqla qarşılanıb.

* * *

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Füzuli rayonunun 3-cü Zobucuq qəsəbə orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədov haqqında “Qartal yuvası” sənədli filminin təqdimatı keçirilib. “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.

Füzuli Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Qartal yuvası” sənədli filmi Füzuli rayon Muğam Mərkəzində də nümayiş olunub.

* * *

Sumqayıtın 70 illiyi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib. “28 May” Mədəniyyət evində təşkil olunan müsabiqədə C.Cabbarlı adına Mədəniyyət evinin “Turan” rəqs qrupu I yerə, “Dostluq” Mədəniyyət evinin “Şahinlər” rəqs qrupu II yerə, şəhər Gənclər və yaradıcılıq mərkəzinin rəqs kollektivi III yerə layiq görülüb.

* * *

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi “Azərbaycan 1918-1920-ci illərdə” adlı kitab sərgisi təşkil edib. Muzeyin əməkdaşları Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində mühazirə və “İstiqlal bəyannaməsi”nə ilk imza atanlardan Şəfi bəy Rüstəmlinin həyat və fəaliyyəti haqqında söhbət aparıblar.