Məlum olduğu kimi, 30 iyun – 10 iyul tarixində Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Azərbaycan Respublikası 2015-ci ildən Dünya İrs Komitəsinin üzvüdür və 2019-cu ildə komitəyə sədrlik edir.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində tədbirə hazırlıq məsələlərinin müzakirəsi və təşkilatın baş qərargahında keçiriləcək informasiya sessiyasında iştirak etmək məqsədilə Parisə səfər edib.
Səfər çərçivəsində nazir ilk olaraq UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Rodrigez Ottone ilə görüşüb. Görüşdə Azərbaycan ilə UNESCO arasında əlaqələrin cari vəziyyəti, Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və sessiyada müzakirəsi gözlənilən məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra UNESCO-nun Dünya İrs Mərkəzinin rəhbəri Mextild Rosslerin iştirakı ilə görüş keçirilib. Görüşdə Bakıda təşkil olunacaq 43-cü sessiyanın gündəliyində duran dünya mədəni və təbii irsinə dair namizədlik fayllarının vəziyyəti, sessiyanın sədrinin öhdəlikləri, prosedur qaydaları, tədbirin açılış mərasimi və digər məsələlər müzakirə edilib.
Nazir Əbülfəs Qarayev keçirilən görüşlərdə ölkəmizin bu mötəbər tədbirə xüsusi önəm verdiyi və sessiyanın təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradıldığı, müvafiq iclasların keçirildiyi və hazırlıq işləri ilə bağlı prosesin lazımi səviyyədə getdiyi barədə məlumat verib.
Səfər zamanı, həmçinin Dünya İrs Mərkəzinin müvafiq nümayəndələri ilə ev sahibi ölkə olan Azərbaycan tərəfindən Əməliyyat qrupu arasında görüş keçirilib. Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə 43-cü sessiyanın təşkilatçılığına cəlb edilmiş şirkətlərlə birgə sessiya və onun çərçivəsində təşkil ediləcək 35-ə yaxın tədbirin, Gənc Peşəkarlar Forumu və Abidə Menecerləri Forumuna hazırlığın vəziyyəti və texniki tələblərin icrası barədə məlumat verib.
UNESCO baş qərargahında məlumat sessiyası
Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə UNESCO baş qərargahında Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirilib.
Nazir Əbülfəs Qarayev çıxış edərək müzakirəsi gözlənilən məsələlər barədə danışıb, sessiyanın təşkili ilə bağlı Təşkilat Komitəsinin yaradıldığını diqqətə çatdırıb.
Dünya İrs Komitəsinin 43-cü sessiyasının Əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə sessiyaya və onun çərçivəsində keçiriləcək tədbirlərə hazırlığın vəziyyəti barədə təqdimatla çıxış edib. Ölkəmizin mədəniyyəti və inkişafı ilə bağlı film nümayiş etdirilib. Qeyd edilib ki, Azərbaycan 23 iyun – 1 iyul tarixində Gənc Peşəkarlar Forumu, 26 iyun – 4 iyul tarixində Abidə Menecerləri Forumu və nəhayət, 30 iyun – 10 iyul tarixində Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə hazırdır.
Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler Azərbaycan tərəfinə təşəkkürünü bildirərək 43-cü sessiyanın gündəliyi, müzakirə olunacaq nominasiya sənədləri, büdcə və prosedur qaydaları ilə bağlı yeniliklər və s. barədə çıxış edib.
Sonda komitə üzvlərinin sualları cavablandırılıb.