Lüksemburq şəhərində Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib.
Tədbir Nizaminin Rusiyanın (keçmiş SSRİ-nin) Lüksemburqdakı səfirliyinin ərazisində yerləşən heykəli önündə keçirilib.
Azərbaycan səfiri Fuad İsgəndərov çıxış edərək Nizami Gəncəvinin yaradıcılığından, bəşəri dəyərləri, sülh və humanizmi təbliğ edən əsərlərindən söz açıb. Diqqətə çatdırılıb ki, Nizaminin 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü ilə hazırlanmış abidəsi keçmiş Sovet İttifaqının Benilüks ölkələrində mədəniyyət günləri çərçivəsində ucaldılıb. Ümummilli lider Heydər Əliyev 1996-cı ildə Lüksemburqa səfəri zamanı abidəni ziyarət edib, onun tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirib.
Rusiya səfiri Viktor Sorokin artıq 4 ildir ki, ənənəvi olaraq keçirilən bu anım tədbirinin Rusiya və Azərbaycan arasında həmrəyliyin nümunəsi olduğunu vurğulayıb.