Türkiyənin İzmir şəhərində keçirilən XV beynəlxalq qısa film festivalında “Buta Films” şirkətinin və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan “Sonuncu” filmi “Ən yaxşı xarici film” nominasiyasında birinci yerə layiq görülüb. Təntənəli qala-gecədə festivalın “Qızıl pişik” mükafatı Buta İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Fuad Hətəmova təqdim edilib.

Festivala təqdim olunan filmləri tanınmış yerli və xarici kino peşəkarlarından ibarət münsiflər heyəti dəyərləndirib. Jürinin prezidenti, məşhur rejissor Tunç Başaran “Sonuncu” filminin peşəkarlıqla çəkildiyini bildirib. Onun sözlərinə görə, peşəkarlığı həm rejissor və operator işində, həmçinin filmin dərin emosional mənasında və gözəl musiqisində hiss etmək mümkündür. O, filmin prodüserlərinin əməyini də yüksək qiymətləndirib.
Buta İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktorunun bildirdiyinə görə, builki festivala 63 ölkədən 1100 qısa film qatılıb. Eran əsərlərindən yalnız 10-nu final mərhələsinə keçib.
Qeyd edək ki, fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən və cəmi 15 dəqiqə xronometrajı olan “Sonuncu” filminin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb. Bu, II Dünya müharibəsinin sonuncu veteranı barədə bədii ekran əsəridir.
Filmin quruluşçu rejissoru Sergey Pikalov, quruluşçu operatoru Denis Madışevdir. Veteran rolunu İdris Rüstəmov, gənc qonşu rolunu isə Corc Qafarov oynayıblar. Film həmçinin gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütüdür. Buna qədər onlar sənədli film layihələri üzərində çalışıblar.