Bakıda gənc pianoçuların ilk beynəlxalq müsabiqəsinin keçirildiyi vaxtda bu sənət üzrə istedadların respublika miqyaslı yarışmasının seçim mərhələləri davam edir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Gənc pianoçuların IV Respublika müsabiqəsi ölkəmizdə fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların peşəkar inkişafının sürətləndirilməsi və dəstəklənməsi, eyni zamanda müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədi daşıyır.

İyunun 2-də Salyan şəhərində müsabiqənin zona mərhələsi keçirilib. Salyan, Astara, Biləsuvar, Cəlilabad, Hacıqabul, Şirvan, Lənkəran, Masallı, Neftçala, Sabirabad rayonlarında fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərində təhsil alan 26 şagirdin ifaları dinlənilib. Qiymətləndirmənin nəticələrinə əsasən 7 ifaçı 10-12 iyun tarixində müsabiqənin Bakı şəhərində keçiriləcək II mərhələsində iştirak etmək hüququ qazanıb.

IV Respublika müsabiqəsinin daha bir seçim mərhələsi iyunun 3-də Qusarda keçirilib. Müsabiqənin müvafiq region üzrə mərhələsində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərində təhsil alan 21 nəfər şagird iştirak edib. 7 nəfər paytaxtda keçiriləcək II mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin direktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, Əməkdar müəllim Məmməd Quliyev, BMA-nın dosenti Tofiq Bədirxanov və Bakı şəhər 11 nömrəli Musiqi məktəbinin direktoru Rövşən Məmmədov daxildir.