Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 18-21 noyabr tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək.
İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
Festivala 33 ölkədən 115 film daxil olub. Seçim komissiyası tərəfindən 23 ölkəni təmsil edən 48 film müsabiqəyə buraxılıb. Filmlər 5 kateqoriya üzrə qruplaşdırılıb: bədii film, idman və şəxsiyyət, idman və dünya, TV filmləri, milli film.
Festivalda tanınmış idman xadimlərinin, Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin rəsmi nümayəndələrinin, FİCTS-nin rəhbərliyinin iştirakı gözlənilir.
Tədbirin açılışı noyabrın 18-də Nizami Kino Mərkəzində keçiriləcək. Noyabrın 19-da “İdman və şəxsiyyət” mövzusunda filmlərin nümayişi olacaq.