Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) bəstəkarlar arasında elan olunan “Nəsimi romans” adlı respublika müsabiqə-festivalına yekun vurulub.

Münsiflər heyəti BMA-nın tələbə və məzunlarının Nəsiminin sözlərinə yazılmış romanslarını dinləyərək qalibləri müəyyənləşdirib.

Vüsal Namazlının “Ancaq” romansı birinci, Elvin Quliyevin “Neylərəm” romansı ikinci, Aysel Əzizovanın “Dünya duracaq yer deyil” romansı üçüncü yerə layiq görülüb. Həmçinin Vəfa Bağırzadə, Sevinc Balabəyova və Vüqar Məmmədzadənin romansları da fərqləndirilib.

Qaliblər təşkilat komitəsi tərəfindən mükafatlandırılıblar. Romansları yüksək səviyyədə ifa etdiyinə görə Fuad Əlizadə və Rza Xosrovzadə fəxri fərmanla təltif edilib.

Layihənin ideya müəllifi və təşkilatçısı BMA-nın prorektoru, professor Yeganə Axundova, bədii rəhbəri BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, münsiflər heyətinin sədri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, üzvləri əməkdar incəsənət xadimləri Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov və professor Tərlan Quliyevdir.

“Nəsimi ili” çərçivəsində reallaşan müsabiqədə 20-35 yaşarası akademik səviyyədə bəstəkarlıq təhsili olan, bu ixtisas üzrə məzun olan bəstəkarlar iştirak ediblər.