Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq. Teatr iyunun 5-də Qəbələ Konqres Mərkəzində Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” ikihissəli komediyasını nümayiş etdirəcək.
“Gilan Holding”in Qəbələdəki turizm infrastrukturunun ictimaiyyətlə əlaqələr və media məsələləri üzrə rəhbəri Şakir Eminbəyli bu barədə fikirlərini bildirib: “Akademik Musiqili Teatrın Qəbələyə səfərini yerli sakinlərlə bərabər turistlər səbirsizliklə gözləyirlər. Şəhərin mərkəzi küçə və meydanlarında reklam lövhələri yerləşdirilib, hətta üzərində tamaşanın afişaları olan səyyar maşınlar vasitəsilə sakinlərin sıx toplaşdığı yerlərdə tamaşa barəsində ətraflı məlumatlar verilir. Fürsətdən istifadə edib Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə təşəkkürümü bildirirəm. İnanıram ki, Ramazan bayramında təqdim olunacaq bu tamaşa sənətsevərlərin yaddaşından silinməyəcək”.