İyunun 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağaxan Salmanlının ssenari müəllifi olduğu “Möcüzəli pillələr” tamaşasının premyerası oldu.
Tamaşa haqqında məlumatı Xalq artistinin öz dilindən eşitdik: “Bu, kreativ tamaşadır. Azərbaycan teatrında indiyədək bu janrda tamaşa oynanılmayıb. Layihənin ideya müəllifi teatrın direktoru Naidə İsmayılzadədir. Tamaşada müxtəlif janrlardan, səhnə texnikasından, tamaşanın yaranmasından bəhs olunur. Həmçinin balaca tamaşaçıların darıxmaması üçün kölgə teatrı, sirk nömrələri və illüziyalar nümayiş olunacaq”.
Sonra “Möcüzəli pillələr” tamaşası təqdim olundu. Tamaşada səhnənin quruluşu, dekorativ rəsmlərin hazırlanması, aktyorların geyindikləri libaslar göstərildi. Uşaqların sevimli nağılı – “Tıq-tıq xanım”dan səhnəcik nümayiş olundu. Fərqli konseptdə təqdim olunan səhnəciyi balaca tamaşaçılar böyük maraq və həvəslə izlədilər.
Qeyd edək ki, tamaşanın göstərilməsində əsas məqsəd uşaqları teatr mühiti, tamaşanın qurulması prosesi ilə tanış etməkdir. Yarıbədii, yarıpraktik tamaşada uşaqlar özləri də prosesin iştirakçısına çevrilirlər.
Tamaşanın bədii rəhbəri Xalq artisti Ağaxan Salmanlı, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Şamxal Novruzlu, rəqslərin quruluşçusu isə Əməkdar artist Nailə Məmmədzadədir. Rolları Ağaxan Salmanlı, Mirsənan Kazımlı, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Yusif Dadaşov, Anar Səfiyev, Xaliq Bəkirov, Aygün Fətullayeva, Bəhram Həsənov, Nurlan Süleymanlı, Araz Pirimov və İlahə Əmirxanova ifa edirlər.
Nurəddin MƏMMƏDLİ