Sənətkar oldun, belədir də… Sənin öz ad günündə, şad günündə, illah da ki, yuvarlaq yaşdönəminin tamamında hər kəs sənə hədiyyə vermək əvəzinə, səndən sovqat umur.

Özü də necə?! İndi dəbdə olan sözlə desək, şəxsən özünün kreativ performansında. Belə baxanda kino aktyoruna, rejissoruna nisbətən teatr aktyorunun işi bir qədər asandı. Hər necə olsa, tamaşa qurmaq film çəkməkdən xeyli az məsrəfə başa gəlir. Hərçənd hər şey fantaziyaya, işləmək həvəsinə bağlıdır, özünü daha hansı səhnədə görmək, daha nələrdəsə sınamaq məsələsi də o biri tərəfdə...

Neçə aydan bəri gözlədiyimiz zaman yetişdi: Xalq artisti İlham Namiq Kamal A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında hazırlanan “Bizim Don Kixot” tamaşasında baş rolda çıxış etdi. Mərhum dramaturq, öz qəhrəmanlarını ağlasığmaz vəziyyətlərə salan, ya da sıradan biri olan personajını baş qəhrəman edə biləcək situasiyaları öz əsərlərinə gətirən Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanmış bu tamaşa 70 yaşın dizini teatr səhnəsində qatlayıb yaradıcılığa ürəklə “Tamam yox, davam!” deyən görkəmli aktyorun öz yubileyində bizlərə sənət sovqatıdır.

Deyəsən, bu yazını oxuyan bir-iki skeptik düşüncə sahibinin “İlham Namiq Kamal və kukla teatrı?” sualını sətirlərin arasından görürük deyə, suala elə sualla cavab veririk: “Niyə də yox?”. Məgər tanınmış aktyordan 70 yaşı münasibətilə sovqat istəmirdiniz? Sürprizdən yaxşı nə sovqat? İlham müəllim “Azdrama”nın səhnəsində illərlə çıxış edib, bir zamanların reytinqli teatrı – Gənclər Teatrında oynayıb (yeri gəlmişkən, elə Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı” tamaşası ilə əsl ümumrespublika şöhrəti qazanıb ki, bu hünəri hər tamaşa göstərə bilməyib), opera səhnəsində özünü sınayıb, Akademik Musiqili Teatrdakı fəaliyyəti də ki göz qabağındadır. Bir də, öz aramızda qalsın, əgər aktyorun potensialı varsa, işləməkdən yorulmayıbsa, niyə özünü sınamasın? Üstəlik, o bu işdə nə birincidir, nə də ki sonuncu (hər halda ümidvarıq ki, yaşının üstünə yaş gələn digər aktyorlarımızın da səhnəyə çıxmaq həvəsi sönməyəcək).

Belə görünür ki, üzü Servantesdən bəri (bəlkə ondan da əvvəl, sadəcə, biz tanımırıq) geniş düşünən, dünyadakı bütün insanların dərdini çəkməyə, ədalət uğrunda mübarizə aparmaqdan usanmayan tək-tük fərdləri Don Kixot adlandırıblar. Nədən? Çünki insanlar mübarizə etmək gərəkən olayları da özləri yaradırlar, çoxundan fərqli olaraq həmin olaylara qarşı çıxan seçmə şəxslərə də özləri mane olurlar. Mane olmağı bacarmayanda da çoxluğu öz tərəflərinə çəkib ona Don Kixot deyirlər. Yəni bir növ Don Kixot “oxumuş dəli” ifadəsinin sinoniminə çevrilir. İnanmırsınız? Abşerondakı bir orta məktəbdə ədəbiyyatdan dərs deyən Əhmədağa kəfənlənib məktəbə gələrək müəllimlərə pis söz demirdi  axı. Deyirdi ki, yalandan süpürgə, süfrə, bayram pulu yığmayın şagirdlərdən. Axırı nə oldu? Məktəbin direktoru Əhmədağanı dəlixanaya saldırdı. Beləcə, kukla personajların əhatəsində qalan, həm tamaşanın iştirakçısı baxımından, həm də sırf personajın daxili aləmi baxımından səhnədə adamlığını itirməyən tək kimsə varsa, o da elə Don Kixotdur.

Tamaşanı seyr edərkən bu fikrə gəlirsən ki, “Don Kixot Abşeronski” pyesinin ən optimal səhnə həlli elə kukla tamaşasıdır. Ona görə yox ki, bəşər tarixi boyunca yazarların sözün düzünü alleqoriya ilə demək şakəri var. Sadəcə, pula satılan Sanço Panso – Məhərrəm İsrafiloviç də, məktəb direktoru da, masaj slonunda işləyən, Don Kixotun gözləri qarşısında Divin ağuşuna atılan Dulsineya da adamlıqlarını çoxdan itiriblər…

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov kukla teatrının imkanlarından məharətlə bəhrələnir. Parket, marionet kuklalar “Bizim Don Kixot”un səhnədə öz yerində olması, ilk dəfə kuklaçılarla səhnə tərəfdaşı olan İlham Namiq Kamalın kiçik parametrli səhnədə darısqallıqdan sıxılması üçün rahat oyun zonası yaradır. Ucaboy aktyorun, təbii ki, ondan yığcam qabaritli kuklaların fonunda Qulliver təsiri bağışlamasının da sətiraltı mənası var: ey cılız hislərlə yaşayanlar, Don Kixot sizdən böyükdür!

Tamaşa mahnılarla zəngindir. Don Kixot tamaşa boyu düşdüyü hər situasiyaya uyğun, onu tamamlayan mahnı oxuyur. Yeri gəlmişkən, Əməkdar artist Vüqar Camalzadənin bəstələrində müəllifin digər tamaşalara yazdığı musiqiyə oxşarlıq yoxdur. Elə quruluşçu rəssam İqbal Əliyev də burdakı divləri kukla tamaşalarının tez-tez rast gəlinən oxşarlarından fərqləndirməyi bacarıb.

***

Tamaşanı seyr etdikcə həm əsər, həm də bu əsərlə özünü yeni səpgidə sınayan Xalq artisti İlham Namiq Kamal barədə paralel düşünür, sevinir və kədərlənirsən.

Düşünürsən ki, 70 yaşlı aktyor-pedaqoqun da, kukla teatrının da yeniliklərə açıq olması bütövlükdə teatr prosesinin xeyrinədir. Nə yaxşı ki, bu tamaşada indiyədək oynadığı onlarla komik obrazın hazır cizgilərindən istifadə etməyən İlham Namiq Kamal şöhrətinin kölgəsində gizlənmir.

Sevinirsən ki, bu tamaşada görkəmli səhnə ustası ilə eyni tamaşada çıxış edən cavan aktyorlar – Cavid Telman, Aygül Ağayeva, Araz Həsənov, Adil Dəmirov aktyorluq təcrübəsi yarım əsrə çatan sənətkarla bu paylaşımdan çox şey öyrənə bilərlər.

Kədərlənirsən ki… Ona görə kədərlənirsən ki, nə qədər Don Kixota oxşasa da, bizim Əhmədağa ispanların Don Kixotundan bədbəxtdir. Çünki Don Kixotu dəlixana gözləyir, Əhmədağanı isə qazamat. Hər halda, dəlixanada öz həmfikrini tapıb ürəyini boşaltmaq asan olardı… 

***

Beləcə, tanınmış aktyor İlham Namiq Kamal öz yubileyi münasibətilə teatrsevərlərə sovqat bəxş elədi. Yeri gəlmişkən, yazının əvvəlində yazdığımız o fikir var idi ki, tamaşa oynamaq asandır, həmin fikrə çox da bənd olmayın. Ona görə ki, dünyada sadə və asan görünən bütün əməllərin, işlərin gerçəkləşməsi çox çətindir.

G.MİRMƏMMƏD