Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Mükafatı Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti Viktor Kalinin təqdim edib.
O qeyd edib ki, Çingiz Fərzəliyev V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunda təhsil alıb, SSRİ dövründə bir çox mötəbər ümumittifaq rəsm sərgilərinin mükafatçısı olub. Vurğulanıb ki, Çingiz Fərzəliyev akademiyanın qızıl medalına təkcə postsovet məkanının ən yaxşı muzeylərindən birinin rəhbəri kimi deyil, həm də hazırda fəaliyyət göstərən rəssam, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan incəsənət xadimi kimi layiq görülüb. “Biz böyük məmnuniyyətlə onu Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü və fəxri professoru kimi öz sıralarımıza qəbul etmişdik. Bu gün isə Azərbaycan rəssamına Rusiya Rəssamlıq Akademiyasının ən yüksək mükafatını təqdim etməkdən məmnunluq duyuruq”, - deyə o bildirib.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Çingiz Fərzəliyevi səfir Polad Bülbüloğlunun adından təbrik edib. O xatırladıb ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Diplomat Bakıda, Heydər Əliyev Mərkəzində Zurab Seretelinin 85 illik yubileyinə həsr olunmuş sərgisinin açılmasını iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Andrey Zolotov, “Tretyakovskaya qalereya” jurnalının baş redaktoru Aleksandr Rojin və başqaları çıxış edərək Çingiz Fərzəliyevə yaradıcılıq uğurları arzulayıblar.
Çingiz Fərzəliyev yüksək mükafata görə Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib.