Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illiyi çərçivəsində səyyar plenum keçiriləcək.
Səyyar plenumun açılış konserti iyunun 19-da Gəncə Dövlət Filarmoniyasının səhnəsində reallaşacaq. Konsertin proqramına Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qəmbər Hüseynli, Firəngiz Əlizadə, Sərdar Fərəcovun, eləcə də gənc bəstəkarların yaradıcılıq nümunələri daxil edilib. Açılış konsertində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Xalq Çalğı Alətləri Orkestri ilə yanaşı, xor kollektivi də çıxış edəcək.
İyunun 20-də Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Niyazinin, Fikrət Əmirovun, Aliyə Məmmədova və digər bəstəkarlarımızın kamera-instrumental və vokal əsərləri ifa olunacaq.
Plenum iyunun 20-də dəyirmi masa ilə başa çatacaq.
Qeyd edək ki, Bəstəkarlar İttifaqının 85 illiyi münasibətilə tədbirlər silsiləsinə oktyabr ayında Azərbaycan Müasir Musiqi Festivalı ilə yekun vurulacaq.