Azərbaycan

19 iyun 1900 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 – 11.2.1981) Tiflisdə doğulub. Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Bakıya gələrək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

19 iyun 1924 – Ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924-2011) Astara rayonunun Ərçivan kəndində anadan olub.

19 iyun 1933 – Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933-1986) anadan olub.

 

20 iyun 1898 – Xalq artisti Əli Mirzə oğlu Qurbanov (1898 - 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə burada başlayıb, 1925-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

20 iyun 1914 – Əməkdar mədəniyyət işçisi, aşıq Əmrah Paşa oğlu Gülməmmədov (1914-1987) Marneuli rayonunun Araplı kəndində doğulub.

20 iyun 1915 – Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov (1915 – 10.12.1998) Bakıda doğulub. “Bizim Cəbiş müəllim”, “Bəxtiyar”, “Dağlarda döyüş”, “Babamızın babasının babası” və s. filmlərdə çəkilib.

20 iyun 1921 – Bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 –25.3.1992) Bakının Balaxanı kəndində doğulub. “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Azad”, “Xanəndənin taleyi” operaları, və çoxsaylı mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.

20 iyun 1924 – Biblioqraf, ədəbiyyatşünas, milli mətbuat tarixinin tədqiqatçısı, professor Nazim Fərrux oğlu Axundov (1924-1994) Şuşa şəhərində anadan olub.

 

21 iyun 1794 – Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakının Əmircan (Xilə) kəndində anadan olub. 1819-1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində tərcüməçi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.

21 iyun 1933 – Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 – 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub.

 

Dünya

 

19 iyun 1623 – Fransız filosofu, riyaziyyatçı Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.

19 iyun 1920 – Fransız kinorejissoru İv Robber (Yves Robert; 1920-2002) anadan olub. Filmləri: “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s.

19 iyun 1924 – Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Əsərləri əsasında filmlər çəkilib.

 

20 iyun 1819 – Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach; 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.

20 iyun 1932 – Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.

 

21 iyun 1840 – Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub.

21 iyun 1905 – Fransız yazıçı-dramaturqu, filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürəkbulanma”, “Azadlıq yolları”, “Milçəklər”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” və s.

21 iyun 1910 – Rus şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.

Hazırladı: Vüqar ORXAN