Rejissor Elçin Musaoğlu “Nabat” filminin uğurlarından danışdı
Dekabrın 3-də Nizami Kino Mərkəzində kinorejissor Elçin Musaoğlunun Qarabağ müharibəsinə həsr olunmuş “Nabat” bədii filminin beynəlxalq kino aləmində uğur qazanması ilə əlaqədar mətbuat konfransı keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gələn film bu il İtaliya, Yaponiya, Almaniya, Hindistan, Mərakeş, Braziliya, ABŞ və başqa ölkələrdə keçirilmiş kinofestivalların əsas proqramına daxil edilib.
Ekran əsərinin çəkiliş prosesi, müasir kinomuzun vəziyyəti ilə bağlı fikirlərini bölüşən rejissor Elçin Musaoğlu Azərbaycan kinosunun gələcəyi ilə bağlı nikbin olduğunu, yeni inkişaf dalğasının işartılarının göründüyünü dedi: “Mən keyfiyyətli kinonun yeni formada dirçələcəyinə inanıram. Kino yüksək sənət dili ilə həyatımızın dramatik, bəzən faciəvi gerçəkliklərini əks etdirməlidir. O zaman ekran əsərlərində toxunulan mövzular təkcə onların yaradıldığı ölkələrdə deyil, bütün dünyada aktual olacaq, ümumbəşəri əhəmiyyət kəsb edəcək”.
Elçin Musaoğlu rejissorların daim axtarışda olmalarını, beyinlərində, ruhlarında yeni filmlərin ssenarilərini cızmalarını yaradıcılığın ayrılmaz hissəsi kimi qiymətləndirdi: “Kino sənəti ədəbi yaradıcılıqla sıx bağlıdır, buna görə də hər gün həm klassik, həm də müasir müəlliflərin əsərlərini oxumağa çalışıram. Bu sahədə şedevrlər yaratmış sevimli rejissorlarım var. Öz işimdə daim təkmilləşməyə çalışıram və hesab edirəm ki, əsl sənət yaratmaq istəyən hər bir rejissor işinə belə yanaşmalıdır”.
“Nabat” filminin çəkilişi ilə bağlı bəzi maraqlı məqamlara toxunan rejissor işlərinin rast getməsini möcüzələrlə də əlaqələndirdi: “Filmi çəkərkən ilk möcüzəni Qəbələdə yaşadıq. Biz çəkilişi bitirənə qədər adətən oktyabr-noyabr aylarında qar yağan kəndə bir zərrə belə qar düşmədi. Daha bir maraqlı məqam isə ssenaridə yazdığımız kəndin birə-bir bənzərini tapmağımız oldu. O məkana baxarkən keçirdiyim təəccüb hissi heç vaxt yadımdan çıxmayacaq”.
Filmin gələcək taleyi və kommersiya problemləri barədə danışan rejissor ölkəmizdə prodüserlik sahəsinin inkişaf etməli olduğunu vurğuladı, kommersiya ilə bağlı işləri rejissorların həll edə bilməyəcəyini dedi: “Ümumiyyətlə, dünyanın qəbul edəcəyi təbliğat filmi çəkmək üçün gərək ümumbəşəri motivləri önə çəkəsən, qara-qışqırıqla heç nə hasil olmur. Biz də buna çalışdıq və müəyyən uğur əldə edə bildik. Ancaq məni narahat edən ölkəmizdə prodüserlik sahəsinin olmamasıdır. Rejissor filmi çəkib onun yayım hüquqlarını, kommersiya məsələlərini prodüser şirkətə həvalə etməlidir. Bu həm kinoprokata, həm də yeni filmlərin çəkilişinə imkan yaradar”.
Daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran rejissor ekran əsərinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.
Sadiq Musa