“Günlərin birində ssenarini ondan alırlar. Səbəb də onu göstərirlər ki, Kamil Rüstəmbəyov kommunist deyil...”
Dekabrın 5-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə tanınmış rejissor Kamil Rüstəmbəyovun (1924-1991) 90 illik yubileyi qeyd olundu.
Tədbiri Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev açaraq Kamil Rüstəmbəyovun Azərbaycan kino tarixində xidmətlərindən danışdı. Bildirdi ki, sənətkarın çəkdiyi filmlər milli kino salnaməmizdə xüsusi yer tutur.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə rejissor barədə xatirələrini bölüşdü. Qeyd etdi ki, K.Rüstəmbəyov istər televiziyada, istərsə də kinoda yaratdığı əsərlərlə özünə əbədiyaşarlıq qazandırıb. O, 1956-cı ildə, Azərbaycan televiziyası yaranandan burada məsul redaktor, böyük rejissor, baş rejissor işləyib, maraqlı verilişlər hazırlayıb. 1960-cı ildə Səməd Vurğunun “Aygün” poeması əsasında bədii film çəkib. Onun adı Azərbaycan televiziyasının yaradıcılarından biri kimi tarixə düşüb.
Kamil Rüstəmbəyov 1966-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm kinostudiyasında fəaliyyətə başlayıb. “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (Şamil Mahmudbəyovla birgə), “Gözlə məni” bədii filmlərinə, “Mahnı qanadlarında” film-konsertinə quruluş verib: “Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunub. Onu da deyim ki, o, kinostudiyada işlədiyi dövrdə yeni çəkiləcək ”Yeddi oğul istərəm” bədii filminə quruluş vermək Kamil müəllimə tapşırılır. Rejissor ssenarisini hazırlayır, aktyorları seçir, hətta məşqlərə də başlayır. Lakin günlərin birində ssenarini ondan alırlar. Səbəb də onu göstərirlər ki, Kamil Rüstəmbəyov kommunist deyil. Bu hadisə Kamilə çox pis təsir edir. O, kinostudiyanı tərk edib özünə qapanır. Qürurlu bir insan kimi baş vermiş bu hadisə ilə heç cür barışa bilmir...”
Yazıçı-dramaturq, professor Aqşin Babayev mərhum sənətkarla yaxın dost olduğunu bildirdi: “Kamil Rüstəmbəyov çox qürurlu və zəhmətkeş insan idi. O, yaradıcılıq yollarında çox əziyyət çəkib. Hər addımında incidilib...”
Əməkdar artist Elxan Qasımov çıxışında qeyd etdi ki, Kamil Rüstəmbəyov bir insan və sənətkar kimi bənzərsiz idi. O, özünü Xalq artisti Adil İsgəndərovun tələbəsi hesab edirdi. Böyük sənətkar ”Azərbaycanfilm” kinostudiyasına direktor təyin olunanda televiziyadan Arif Babayev və Kamil Rüstəmbəyovu əməkdaşlığa dəvət etdi. Kamil Rüstəmbəyov xaraktercə çox kövrək idi. Hər kiçik sözdən alınar və inciyərdi. Bu səbəbdən də tez-tez iş yerini dəyişmək məcburiyyətində qalırdı...
Kinoşünas Ayaz Salayev qeyd etdi ki, həyatda heç nə birmənalı olmadığı kimi Kamil Rüstəmbəyovun da yaradıcılığı birmənalı olmayıb. Mən onu həyatda görməmişəm, ancaq yaradıcılığı ilə tanışam. Onun çəkdiyi “Zəncirlənmiş adam” televiziya filminə baxdım və təəccüb etdim. Söz yox ki, o, bu əsərdə öz taleyini yaşayıb...
Digər çıxış edənlər rejissorla bağlı fikirlərini bölüşdülər, xatirələrini danışdılar. Çıxışlar rejissorun filmlərindən parçalarla müşayiət olunurdu.
Sonda sənətkarın qızı Aygün Rüstəmbəyova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
S.Fərəcov