Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncama uyğunlaşdırmaq tapşırılıb.
Prezident həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin, bir sıra dövlət qurumlarında, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışanların əməkhaqqının artırılması haqqında da sərəncamlar imzalayıb.