AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. İyunun 18-də “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildinin təqdimatı keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildinin yeni elmi konsepsiya ilə hazırlanma zərurətindən danışıb. Bildirib ki, kitab AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik institutları, Bakı Dövlət Universiteti və Azərbaycanda Atatürk Mərkəzinin birgə əməkdaşlığı sayəsində işıq üzü görüb. Kitabın hazırlanmasında üç prinsip – elmi, ümummilli və dövlətçilik prinsipləri əsas götürülüb.

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildinin məsul redaktoru, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı məruzə ilə çıxış edərək kitab haqqında ətraflı məlumat verib. O, nəşrdə ümumtürk etnocoğrafiyasının nəzərə alındığını, milli istiqlal düşüncəsinə xüsusi yer ayrıldığını bildirib. Qeyd olunub ki, nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan şifahi xalq ədəbiyyatına həsr edilib.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev və Qəzənfər Kazımov, nəşrin məsul katibi Aynur Xəlilova, müəlliflərdən Əfzələddin Əsgər çıxış edərək fikirlərini bölüşüblər.