Qədim və zəngin maddi, mənəvi mədəniyyətə malik xalqımız ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz mənəvi irsi, keçmişi ilə qürur hissi keçirir. Ulu öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Bu fikirləri Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov bildirib.

İdarə rəisi qeyd edib ki, ulu öndərin hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətimizin inkişafında da əsaslı dönüş yaratdı. Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev kimi böyük himayədarı, qayğıkeşi olmayıb.

Heydər Əliyev mədəniyyətə, sadəcə, qayğı göstərməklə kifayətlənmirdi. O, hər bir sənət sahibi ilə məhz o sənətinin mahir bilicisi kimi söhbət edirdi. Onun diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Ulu öndər deyirdi ki, görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər. Onları qorumaq hər birimizin borcudur. Ümummilli liderin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir.