Sənət tarixində maraqlı məqamlar var. Məsələn, yüzilliklər öncəki ədəbiyyatımız, əsasən də poeziyamız barədə məlumatlıyıq. Əgər min il öncə mükəmməl poeziya olubsa, deməli, o poeziyanı yaşadıb yayan bəstələr də varmış.

 

Qulaq yaddaşımız cavandı deyə…

 

Poeziya, təsviri sənət, dekorativ-tətbiqi sənət növlərindən fərqli olaraq, ifaçılıq sənəti həm daha çox improvizəyə və texniki imkanlara bağlı olduğundan əsrlər öncəki musiqi dünyamızın parametrlərindən konkret nümunələr əsasında və gerçək şəxslər timsalında danışmaq mümkünsüzdür. O üzdən ki, qulaq yaddaşındakıları yazıya çevirən, səs təəssüratını salnamə təfsirində bizə çatdıran ya olmayıb, ya da yazılanlar bizə gəlib çatmayıb. Halbuki Orta əsrlər Yaxın Şərq intibahı dövründə də Fərabi, İbn Sina, Səfiəddin Urməvi, Qütbəddin Şirazi, Əbu Əli, Əbdülqadir Marağai musiqi nəzəriyyəsi ilə kifayət qədər məşğul olmuşdular. Məntiqə söykənərək deyə bilərik ki, adıçəkilən araşdırmaçıların dövründə kifayət qədər mükəmməl musiqili məclislər düzənlənirmiş, həmin məclislərdə səslənən melodiyalar tədqiqat predmetinə çevrilirmiş. Hətta Marağainin bir sıra risalələrinin, məsələn, “Məqasid əl-əlhan” (“Melodiyaların məqsədi”), “Lahiyyə” (“Musiqi”), “Şərh əl-ədvar” (“Dövrələrə şərhlər”) və “Fəvaid-i əşərə” (“On fayda”) kimi əsərlərinin sırf peşəkar musiqiçi, nəzəriyyəçi və ifaçılar üçün nəzərdə tutulduğuna dair bugünkü musiqişünasların tutarlı qeydləri var.

Digər məntiqi gəlişmə də bizə deyir ki, bu gün bizim klassik poeziya adlandırdığımız, amma öz dövrünün müasir şairlərinin əsərləri, xüsusən də qəzəl kimi kiçik və asan yaddaqalan janr kütləvi çap texnikasının olmadığı Orta əsrlərdə, poetik nümunələrin əlyazma şəklində saxlandığı və ya xəttatlar tərəfindən üzünün köçürüldüyü böyük bir zaman kəsiyində məhz həmin musiqi məclislərinin sayəsində geniş yayılıb. Ola bilsin ki, hələ açılmamış, yaxud aşkarlanmış əlyazmaların içində o dövr xanəndələrinin daha çox hansı şairin qəzəllərini oxuduğu, hansı şairin populyar olduğu barədə qeydlər var. Varsa, bu da yəqin dar tədqiqatçı çevrəsinə bəllidir. Əgər belə olmasaydı, İmadəddin Nəsimi yaradıcılığından daha çox onun şəxsiyyətinin, obrazının Azərbaycan musiqisində təsvirinə həsr etdiyimiz bu yazı tamam başqa cür başlardı…

Biz Nəsimi və musiqi barədə danışarkən XX əsrdən əvvələ gedə bilmirik. Məhz ötən əsrin 40-50-ci illərindən etibarən, ənənəvi muğam ifaçıları ilə yanaşı, Azərbaycan bəstəkarları da Nəsiminin poetik irsinə müraciət etməyə, şairin qəzəllərinə kamera-vokal əsərləri bəstələnməyə başlamışlar. Zaman-zaman görkəmli bəstəkarlar Ağabacı Rzayeva, Səid Rüstəmov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Tofiq Quliyev, Nazim Əliverdibəyov, Ramiz Mustafayev, Ramiz Mirişli, Tamilla Məmmədzadə, Emin Sabitoğlu və başqaları mütəfəkkir şairin sözlərinə mahnı və romanslar yazmışlar.

 

Şair tamaşa qəhrəmanı kimi

 

Yaradıcılığı ilə yanaşı, insanı ülvi, pak hisslərlə sevən, onu kamilliyə çağıran, bütün yaranmışlardan üstün tutan Nəsimi bir tarixi şəxsiyyət olaraq da böyük həcmli musiqi və səhnə əsərlərinin qəhrəmanı olmağa layiqdir. Bu üzdən də onun anadan olmasının 600 illiyi münasibətilə Fikrət Əmirovun yaratdığı “Nəsimi dastanı” (təkrar quruluşda “Nəsimi”) baletinin qəhrəmanı olması gözlənilən idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə elan olunan “Nəsimi ili”ndə Fikrət Əmirovun “Nəsimi dastanı” baleti yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına qayıtdı.

Son quruluşdan danışmazdan əvvəl əsərin ilkin variantına – 1973-cü ildəki premyerasına, ilk tamaşanın ərsəyə gəldiyi dövrdə baş vermiş hadisələrə şahidlərin xatirəsilə nəzər salmaq istərdik.

Xalq yazıçısı Anar “Musiqi dünyası” dərgisinin 2011-ci ildəki sayında rus dilində dərc olunmuş “Постижениедоступности” (“Mümkünlüyün dərki”) xatirəsində yazır: “Bir gün Fikrət müəllim mənimlə görüşmək istədi. Evlərinə getdim. Mənə dedi ki, gələn il Nəsiminin 600 illik yubileyi qeyd ediləcək və o, bu mövzuda birpərdəli balet yazmaq, həmin baletin librettosunu da mənim yazmağımı istəyir. Mən sevincək razılaşsam da, bildirdim ki, indiyədək balet librettosu yazmamışam deyə, ortaya nə çıxacağını bilmirəm. Fikrət müəllim gülüb dedi ki, o da indiyədək heç vaxt balet musiqisi yazmayıb… Fikrət müəllim çox istəyirdi ki, baleti xoreoqraf Qəmər Almaszadə səhnəyə qoysun, rəssamı da Mikayıl Abdullayev olsun… Ona dedim ki, Fikrət müəllim, əgər siz baleti mənə danışdığınız kimi görmək istəyirsinizsə, o zaman quruluşda və dekorasiyalarda yenilik olmalıdır. Mən xoreoqraf olaraq Nailə Nəzirovanı, rəssam kimi də Toğrul Nərimanbəyovu dəvət etmək təklifini verdim. Fikrət müəllim fikrə getdi: “Bəs onlar razılaşarlar?” - “Əgər siz razısınızsa, əminəm ki, razılaşarlar, mən onlarla danışaram”. Bəstəkar Nailə Nəzirovaya daha böyük şübhə ilə yanaşırdı: “O, çox cavandır, təcrübəsizdir”.

Bütün şübhələrə baxmayaraq, bəstəkar libretto müəllifinin təklifi ilə razılaşır. O zaman Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının xoreoqrafik həllini taparaq uğurlu tamaşa qurmuş Nailə Nəzirova “Nəsimi dastanı”nın da uğurlu səhnə yozumunu tapa bilir. On səhnənin (Cəlladların rəqsi, Nəsiminin monoloqu, Nəsimi və sevgilisinin birinci dueti, Qızların Nəsimi və sevgilisi ilə rəqsi, Hücum, Qızların kədəri, Nəsimi və sevgilisinin ikinci dueti, Nəsiminin üsyanı, Savaş, Əbədilik) bir-birini istər musiqi və məzmun, istərsə də xoreoqrafik izhar olaraq tamamladığı balet, sadəcə, yubiley xətrinə hazırlanmış tamaşa olmur. 1973-cü il sentyabrın 23-də ilk dəfə oynanılan tamaşa Azərbaycanın mütəfəkkir şairi Nəsiminin həyat yolu haqqında xronoloji-bioqrafik hekayət deyildi. Söz ustadı baletdə romantik başlanğıcın qabardıldığı lirik-qəhrəmanlıq poemasının əsas qəhrəmanı idi. O zaman istər respublika, istərsə də sovet mətbuatı bu tamaşanı çox yüksək qiymətləndirir. Tədqiqatçı Leyla Şıxlinskaya “Azərbaycan baletinin xoreoqrafik əfsanə naxışları” (“УзорыхореографическихлегендАзербайджанскогобалета”, Bakı, 1996) kitabında yazır: “N.Nəzirova bu baletdə əvvəlkindən daha mürəkkəb, milli motivləri dəqiq cızılmış simvolikadan istifadə etmişdi. Folklora daha aşkar müraciət göz qabağında idi. N.Nəzirova “Nəsimi”də hadisələrin qəhrəmanın gözləri ilə qavrayışı priyomundan yenə də istifadə edir. Əgər “Leyil və Məcnun”da bu istifadə gerçəklik kimi qəbul edilən xəyal idisə, bu tamaşada gerçəklik şairin təxəyyülü ilə çatdırılırdı. Nəsimi poeziyasında onun lirik etirafları həmişə öz xalqına məhəbbətin tərənnümü, öz zəmanəsinin olayları barədə söylədiyi həqiqət ilə əvəzlənirdi. Şairin şəxsi taleyinin xalqın taleyindən ayrı olmadığı tamaşada tam əksini tapmışdı”.

Bakıda, sonra da Moskvada dahi şairin 600 illik yubiley təntənələrində böyük uğurla oynanılan tamaşanın musiqi rəhbəri – dirijoru Nazim Rzayev idi. Tamaşada əsas partiyaları o illərdə Bakı teatrının ən gözəl və istedadlı balet artistləri Çimnaz Babayeva və Vladimir Pletnyov ifa edirdilər. 1974-cü ildə “Nəsimi” baletinin yaradıcıları – Fikrət Əmirov, Nailə Nəzirova, Toğrul Nərimanbəyov, Nazim Rzayev, Vladimir Pletnyov və Çimnaz Babayeva Azərbaycan Dövlət mükafatına layiq görülürlər.

İllər sonra “Nəsimi dastanı” baleti öz tamaşa ömrünü başa vuraraq repertuardan çıxdı.

***

Təbii ki, gözəl musiqi, ilk quruluşun yaddaşa hopmuş təəssüratı, həmçinin Nəsimi şəxsiyyətinin səhnədə yeganə təcəssümü kimi baletin səhnə ömrü sürməyə haqqı var idi və bizim teatr nə vaxtsa bu əsərə yenidən müraciət etməli idi. Necə deyərlər, qismət “Nəsimi ili”nə imiş.

Bu il mayın 25-də Opera və Balet Teatrına təşrif buyuranlar tam fərqli “Nəsimi” ilə qarşılaşdılar. Yeni librettonun müəllifi Əjdər Ulduz tamaşanın süjetini üç şəklə bölmüşdü: Sufinin gəncliyi, Sufinin səyahətləri və Sufinin edamı. Yeni librettonun bizə təqdim etdiyi Nəsimi gerçək lirik qəhrəman yox, bizim geniş tamaşaçı kütləsinin daha çox “Nəsimi” filmindən tanıdığı şair, mütəfəkkir, “Ənəlhəqq” deyib həqiqət axtarışına çıxan şəxslə, demək olar ki, eynidir. Elə tamaşanın süjet xətti də müəyyən qədər məşhur filmdəki hadisələrin ardıcıllığını təkrar edir. Nəiminin (Əməkdar artist Samir Səmədov) dərs keçdiyi mədrəsədə sufilik təliminə yiyələnən gənc Nəsimi (İslam Məmmədov) və onun məsləkdaşları kainatın sirlərini açmaq, həqiqətin nə olduğunu insanlara yaymaq üçün dünyaya səpələnirlər.

Xilafət döyüşçüləri Nəimini və mədrəsədəki sufiləri öldürdükdən sonra Nəsimi insanlara sülh, əmin-amanlıq hisslərini aşılamaq, həqiqəti çatdırmaq üçün yola çıxır. Səyahət boyunca Azərbaycanı, Yaxın Şərqi dolaşan şair (Anar Mikayılov) bir qadına (Əməkdar artist Nigar İbrahimova) aşiq olur və bu izdivacdan bir qızı (Dinara Şirinova) dünyaya gəlir. Hələbdə qərar tutan şair-filosofun təlimi Misir sultanını narahat edir. Çünki Nəsiminin tərəfdarları, onun təlimini dərk edənlər ədalətsiz savaşlara qarşı çıxırlar. Nəsimi əzizlərini, ardıcıllarını itirməkdənsə, özünü qurban verməyi üstün tutur.

İlk quruluş barədə bildiklərimiz yalnız yazılı mənbəyə əsaslansa da, ikinci quruluş göz qabağındadır. Tamaşanın musiqi rəhbəri və dirijoru, Xalq artisti Yalçın Adıgözəlovun orkestr idarəçiliyi, səhnəni daxildən duyması, Xalq artisti Kamilla Hüseynovanın librettonun məzmununu tam əhatə edən quruluşu, Əməkdar rəssam Nüsrət Hacıyev və Xalq rəssamı Rafiz İsmayılovun baletə verdikləri səhnə və libas həlli repertuarda uzun illər qalmağa layiq gözoxşayan tamaşanın hazırlandığından xəbər verir. Yeri gəlmişkən, “Nəsimi” baletinin ikinci quruluşunda yaradıcı heyət musiqidən irəli gələn milliliyi istər iştirakçıların rəqs hərəkətlərinin, istərsə də libaslarında xüsusi incəliklə həll etdikləri üçün səhnə əsərini müsəlman Şərqində asanlıqla nümayiş etdirmək olar.

***

Olsun ki, ciddi musiqi tədqiqatçıları, balet haqqında daha çox bilənlər “Nəsimi” baleti barədə söz söyləməyə tələsmirlər. Hər halda bu fakt şəksizdir ki, “Nəsimi” - 2019-cu il – “Nəsimi ili”nə böyük teatr töhfəsidir.

Gülcahan MİRMƏMMƏD

Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir