Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı iyunun 21-də J.B.Molyerin əsəri əsasında “Xəstəlik xəstəsi və ya yaşasın teatr” adlı tamaşanın premyerasını təqdim edəcək.

Tamaşa Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyinə həsr olunub. Tamaşaya teatrın baş rejissoru Mirbala Səlimli quruluş verib, quruluşçu rəssam Nicat Məmmədov, geyim üzrə rəssam Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır.

Həyatını səhnəyə, teatr sənətinə qurban vermiş insanlara ithaf olunan tamaşada rolları Əməkdar artist Xanlar Həşimzadə, aktyorlar Lalə Məmməd, Akif Yusifov, Rəhim Qocayev, Fidan Lətifova, Fidan Əhmədzadə, Xəyal Salahov və başqaları oynayır.

***

İyunun 21-də Yuğ Dövlət Teatrında tanınmış türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan “Mən ağacam” tamaşasının premyerası olacaq.

Səhnələşdirəni və quruluşçu rejissoru Əbdülqəni Əliyev olan tamaşada rolları Xalq artisti Məmməd Səfa, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih ifa edirlər. Səhnə işinin quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada insanlararası münasibət və həyat tərzinin xarakterlərə etdiyi təsirdən bəhs olunur.